Azərbaycan və
Ermənistan arasında imzalanan Zəngəzur koridoru razılaşması bölgə üçün tarixi
bir dönüş nöqtəsidir. Bu layihə ilə illərlə bağlı qalmış Naxçıvan yolu açılır,
regionda iqtisadi və nəqliyyat əlaqələri genişlənir. Amma gözlənildiyi kimi, bu
uğurun kölgəsində bir səs yenə eşidildi — İran hökuməti. Səs isə tanışdır:
“Mane olacağıq, imkan verməyəcəyik.” Sual yaranır: İranın bu işdə nə işi var?
Koridorun
mahiyyəti
Zəngəzur
koridoru Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək, Ermənistan ərazisindən
keçən nəqliyyat və enerji marşrutudur. Bu yol nə İranın sərhədindən keçir, nə də
İranın suverenliyinə toxunur. ABŞ-ın inkişaf hüququ ilə həyata keçəcək bu layihə,
Cənubi Qafqazı beynəlxalq ticarət xəritəsində daha əlverişli mövqeyə çıxarır.
İranın əsassız
narahatlığı
İran rəsmiləri,
xüsusilə Ali liderin müşaviri Əli Əkbər Velayati, bu koridoru “geosiyasi təhlükə”
adlandırıb, hətta onu “xarici işğalçılar üçün məzarlığa çevirmək” kimi sərt,
diplomatik dildə desək, məsuliyyətsiz bəyanatlar veriblər. Əslində isə bu, təhlükə
deyil — sadəcə İranın tranzit üstünlüyünü itirmək qorxusudur. Yəni məsələ təhlükəsizlik
yox, pul və təsir itkisidir.
Aidiyyətsiz
müdaxilə – geosiyasi populizm
İranın bu məsələyə
müdaxiləsi beynəlxalq hüquq baxımından əsassızdır. Layihə İranın torpağına dəymir,
sərhədlərinə toxunmur. Buna baxmayaraq, Tehran özünü bölgənin “qapı nəzarətçisi”
kimi göstərməyə çalışır. Bu, sadəcə geosiyasi populizmdir — daxili auditoriyaya
“güclü dövlət” obrazı yaratmaq cəhdidir. Əslində isə, belə bəyanatlar bölgədəki
sülh prosesinə zərər vurur, Azərbaycanla Ermənistanın illərdir mövcud olan
münaqişəsini həll etmək əvəzinə yeni gərginlik yaradır.
Nəticə –
Hörmət və Həqiqət
İran qonşu
dövlətlərin suveren qərarlarına hörmət etməlidir. Hər beynəlxalq layihəyə
“bizim xəbərimiz olmadan olmaz” prinsipi ilə yanaşmaq, artıq köhnəlmiş siyasət
yanaşmasıdır. Zəngəzur koridoru bölgə xalqları üçün iqtisadi rifah, sərbəst əlaqə
və sülh deməkdir. Bu prosesə kənardan əsassız təhdidlər yağdırmaq isə yalnız
bir şeyi göstərir — aidiyyəti olmayan mövzuda söz demək həvəsi.
İlkin Məmmədkərimov, News365.az