Əlilliyi olan qadınların ictimai xidmətlərə çıxışı genişlənir

Əlilliyi olan qadınların ictimai xidmətlərə çıxışı genişlənir
18:40

Bakı, 23 sentyabr 2025-ci il — “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Etimad Fondu (UN Trust Fund to End Violence against Women) tərəfindən maliyyələşdirilən və 2022–2025-ci illəri əhatə edən layihənin yekun konfransını təşkil edib.

“Bakı şəhəri, Gəncə şəhəri və Quba–Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” adlanan layihənin məqsədi reabilitasiya, hüquqi yardım, funksional qiymətləndirmə, sosial adaptasiya və psixoloji dəstək xidmətlərinə əlçatanlığı artırmaq, həmçinin qadın və qızların hüquqi biliklərini gücləndirmək və ictimai iştirakçılıqlarını təşviq etmək olub.

Layihə çərçivəsində keçirilən sosioloji sorğular, maarifləndirici sessiyalar, hüquqi məsləhətlər, təlimlər və ictimai müzakirələrdə yüzlərlə qadın və qız iştirak edib. Yekun tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, insan hüquqları müdafiəçilərinin və medianın nümayəndələri iştirak ediblər. Konfransda layihənin nəticələri təqdim olunub, tərəfdaşlara təşəkkürnamələr verilib və inklüziv siyasətin inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında layihənin qadınların və qızların bərabər hüquqlarla cəmiyyətə inteqrasiyasına verdiyi töhfələri yüksək qiymətləndirib. O, BMT-nin bu istiqamətdə davamlı dəstəyini vurğulayıb. Tədbirdə həmçinin BMT-nin Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Etimad Fondunun fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Fond 1996-cı ildən etibarən dünya üzrə yüzlərlə layihəni dəstəkləyərək qadın və qızlara qarşı zorakılığın qarşısının alınmasına, xidmətlərin əlçatanlığının artırılmasına və dövlətlərin gender bərabərliyi öhdəliklərinin gücləndirilməsinə mühüm töhfə verib.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi konfransda açıqlayıb ki, bu təşəbbüs əlilliyi olan qadın və qızların hüquqlarının müdafiəsi, sosial inteqrasiyası və inklüziv cəmiyyətin qurulması baxımından əhəmiyyətli rol oynayır və gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.


Sizin reklam burada
Sizin reklam burada