Ukrayna müharibəsi fonunda İranın Rusiyaya verdiyi hərbi və siyasi dəstək beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Tehran–Moskva münasibətlərinin gələcək perspektivləri və bu dəstəyin mümkün nəticələri ilə bağlı politoloq Zeynal Əmrəliyev mövcud geosiyasi reallıqları şərh edib.
News365.az-a açıqlamasında politoloq bildirib ki, hazırkı şəraitdə İranın Rusiyanı dəstəkləməkdən başqa real alternativi yoxdur.

Onun sözlərinə görə, Tehran ya Qərb ölkələri ilə anlaşma yolunu seçməli, ya da Rusiyaya maksimum dəstək verərək Şərq blokunun möhkəmlənməsinə çalışmalıdır.
Zeynal Əmrəliyev qeyd edib ki, İranın Rusiyaya dəstəyi əslində öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Politoloqun fikrincə, gələcəkdə Qərb ölkələrinin İrana qarşı hərbi və ya siyasi təzyiqləri artarsa, Tehran bu halda Rusiya və Çinin dəstəyinə arxalanmağı hədəfləyir.
O vurğulayıb ki, İranın bu mövqeyi Ukrayna müharibəsində də öz təsirini göstərir və rəsmi Kiyev İranın birbaşa tərəfi olmadığı münaqişədə Rusiyaya silah dəstəyi verməsini qınayır. Politoloqa görə, Ukrayna rəhbərliyinin bu mövqeyi anlaşılandır.
Zeynal Əmrəliyev əlavə edib ki, İran Qərbin təzyiqlərinə qarşı özünü qorumaq məqsədilə Rusiyaya silah dəstəyi göstərir və yaxın perspektivdə bu dəstəyin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, bu proses yalnız Tehranla Vaşinqton arasında razılaşma əldə olunacağı halda dayandırıla bilər. ABŞ-ın İrana təzyiqləri fonunda Rusiyaya yardımın məhdudlaşdırılması ilə bağlı anlaşma baş tutarsa, İranın mövqeyində dəyişiklik mümkündür.