"Cənab Pezeşkianın Bakı səfəri həddindən artıq qiymətləndirilə biləcək bir məsələdir. Qonşu İranın hazırkı geosiyasi, geoiqtisadi, həmçinin ictimai və mənəvi vəziyyəti nəzərə alınarsa, Cənab Pezeşkianın Bakıya rəsmi səfəri İranın daxili və xarici siyasəti baxımından son dərəcə böyük əhəmiyyət daşıyır."
Politoloq Elçin Alıoğlı bu sözləri News365.az-a deyib.
"Birinci məsələ iqtisadiyyatla bağlıdır. İran Orta Dəhliz, Şimal–Cənub Dəhlizi, Cənub–Şimal Dəhlizi, eləcə də Çin və Cənub–Şərqi Asiyanı Avropa və daha sonra ABŞ ilə birləşdirəcək layihələrə qoşulmaq niyyətindədir. İran yaxşı anlayır ki, bu layihələrdə iştirak etmək üçün qonşu ölkələrdən — Pakistan, Türkiyə, İraq kimi dövlətlərdən kifayət qədər faydalanmalıdır.
İkincisi, İranın vacib tərəfdaş ölkələri məsələsidir. Azərbaycan qarşılıqlı münasibətlərdə öz maraqlarını təmin etməyə çalışdığı üçün Türkiyə ilə paralel siyasət yürüdür və bu siyasət bizim bölgədəki siyasi nəzarətimiz üçün heç də fərqli deyil. Ümumilikdə bölgədə Çin, Türkiyə, Pakistan və Azərbaycan kvarteti formalaşır və İran da bu kvartetə qoşulmaq niyyətindədir.
Üçüncü məsələ İranın logistika sahəsidir. İranı dünya bazarı ilə birləşdirən əsas dəniz limanı Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai Dəniz Terminalıdır. Bu terminalda artıq üçüncü gündür davam edən yanğın, söndürüldüyü bildirilsə də, hələ də tam nəzarət altına alınmayıb. Bu yanğının sırf texnogen yox, eyni zamanda antropogen səbəblərlə əlaqəli olduğu məlum olub."