Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın güclənməsi regionda yeni geosiyasi reallıqlar yaradır. Bu yaxınlaşmanın İran tərəfindən necə qiymətləndirildiyi və Tehranın mümkün reaksiyasının nədən qaynaqlandığı da diqqət mərkəzindədir.
Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, İran hakimiyyəti regionda baş verən prosesləri həssaslıqla izləyir və yeni təhlükəsizlik formatlarının yaranmasına laqeyd qala bilməz.

“İranın hazırkı yanaşmalarını və İran hakimiyyətinin, ilk növbədə, gərginlik proseslərinə çox həssas və maraqlı şəkildə yanaşdığını görürük. İran bu hadisələrə, təbii ki, laqeyd qala bilməz.
İranın Körfəz ölkələrinin davranışlarına qarşı da böyük həssaslığı var. Türkiyənin fasiləsiz siyasətində İranın da marağı var. Bu bölgədə İsrail, məsələn, İranın düşmənidir. İranın atdığı addımların əsas məqsədlərindən biri ABŞ-ı bu bölgədən hərbi baxımdan çıxarmaqdır. İran bu proseslərin arxasında da həmişə Amerikanı görməyə çalışır.
Buna görə də İranın bu gün göstərdiyi reaksiya, ilk növbədə, onun bölgədə onsuz da çox həssas davrandığını nümayiş etdirir. İkincisi, İranın narahatlığı var və bu, aydın məsələdir”.
Politoloq qeyd edib ki, İranın narahatlığının əsas səbəblərindən biri Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaxınlaşmanın Tehranın regionda təcrid olunması görüntüsü yaratmasıdır.
“Bu gün İran özünün proksi qüvvələrini də nəzərə alaraq proseslərə yanaşır. Amma bir anlıq təsəvvür edək ki, İranın proksi qüvvələri yoxdur və İran təkdir. Bu halda İran bu üç müsəlman ölkəsinin bir-birinə yaxınlaşmasını, özünün bölgədə tək qalan ölkə kimi görünməsi kimi qəbul edir və narahatlıq da buradan doğur.
Bölgədə İslam ölkələrinin həmrəyliyində və yaxınlaşmasında İranın təkcə kənarda qalması, təcrid olunması görüntüsü yaranır. İranın bu baxımdan narahat olması başa düşüləndir”.
Aydın Quliyev bildirib ki, İranın regional proseslərə münasibətini qiymətləndirərkən onun proksi qüvvələrini də nəzərə almaq lazımdır.
“İranı özünün proksi qüvvələri ilə birlikdə götürərək bu prosesə qiymət vermək daha düzgün olardı. İranın proksi qüvvələri kimlərdir? Bunu bölgədə bilirik və İran da təhlil edir ki, əgər bu üç ölkə birinə olan hücumu digərlərinə də olan hücum kimi qəbul edəcəksə, vəziyyət dəyişəcək.
Bu gün İranın proksi qüvvələrindən ən azı ikisinin, məsələn, Səudiyyə Ərəbistanı ilə problemi var. Deyək ki, husilərlə Səudiyyə Ərəbistanı arasında qarşıdurma yaranarsa, Türkiyə və Pakistanın da buna münasibətdə müəyyən mövqe ortaya qoyması gündəmə gələ bilər”.
Politoloqun sözlərinə görə, məhz bu amillər İranın yeni üçtərəfli təhlükəsizlik formatına və regiondakı proseslərə həssas yanaşmasının əsas səbəblərindən biridir