Qətər hakimiyyəti İrandan xəbərdarlıq alıb. Söhbət ABŞ-nin İran İslam Respublikasına zərbə endirəcəyi təqdirdə, Tehranın Fars körfəzindəki ABŞ bazalarına cavab verməsindən gedir. Belə bazalardan biri Doha yaxınlığında yerləşir. Bu barədə “The Washington Post” məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ-nin Yaxın Şərqdəki digər bazaları, eləcə də Vaşinqtonun regiondakı diplomatik nümayəndəlikləri də ABŞ-nin İsrail əməliyyatına qoşulacağı təqdirdə İranın zərbə hədəfinə çevrilə bilər. Bundan əlavə, başqa təhlükə Tehranı dəstəkləyən radikal islamçı silahlı qruplardan da gələ bilər.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural