“İran-İsrail qarşıdurmasının köklü səbəbləri aradan qalxmayıb”- Sultan Zahidov

“İran-İsrail qarşıdurmasının köklü səbəbləri aradan qalxmayıb”- Sultan Zahidov
14:16

“İsrail raket buraxılış məntəqələrinin 65 faizini məhv edib, İranın bir sıra raketlərini və nüvə obyektlərini zərərsizləşdirib, bəzi yüksək vəzifəli şəxsləri hədəf alaraq öldürüb. Amma bu, sadəcə taktiki üstünlükdür, strateji qarşıdurma isə davam edir.”

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında İran və İsrail arasında gərginliyin azalmadığına, əksinə, uzunmüddətli və dərin ideoloji düşmənçilik səbəbindən qarşıdurmanın davam edəcəyinə diqqət çəkib.

Onun sözlərinə görə, İsrail son döyüşlərdə İrana ciddi zərbələr endirsə də, bu, vəziyyətin köklü şəkildə həll olunduğu anlamına gəlmir:

Politoloq vurğulayıb ki, İran hələ də İsraili əsas düşmən və təhlükə kimi görür, bu isə gələcəkdə yeni eskalasiyaların baş vermə ehtimalını artırır:

“İran nüvə proqramından tam əl çəkməyib. Sentrifuqalar çıxarılsa da, bu texnologiyanı yenidən, gizli şəkildə aktivləşdirmək mümkündür. Əgər İran bir-iki il ərzində gizli bunker şəraitində yeni nüvə proqramını başlasa və bu prosesə başqa ölkələri də cəlb etsə, o zaman İsrailin yenidən hücum etməsi qaçılmaz olacaq.”

Sultan Zahidov bildirib ki, 1979-cu ildən bəri İran və İsrail bir-birini “eksistensial təhdid” kimi qəbul edir. Bu fundamental düşmənçilik ideologiyası dəyişmədiyi müddətcə qarşıdurmaların dayanması real görünmür.

“Bu münasibətlərdə əsas problem ideoloji və strateji baxışlardır. Tərəflərdən birinin güclənməsi avtomatik olaraq digər tərəf üçün təhlükəyə çevrilir və bu, yeni hərbi toqquşmalara zəmin yaradır. İranın İsrailə qarşı proksi qüvvələrlə fəaliyyətini də davam etdirəcəyi gözləniləndir.”

Politoloq yekunda qeyd edib ki, bölgədə sabitliyin bərqərar olması üçün yalnız hərbi həmlələrlə yox, eyni zamanda, dərin siyasi və diplomatik transformasiyalarla köklü səbəblərin aradan qaldırılması zəruridir.


Sizin reklam burada
Sizin reklam burada