Hazırda İran və İsrail arasında kəskinləşən qarşıdurma yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir. Raket zərbələri, kiberhücumlar, sərt ritorikalar və diplomatik gərginlik fonunda bölgədə sabitlik ciddi şəkildə sarsılıb. Bu proseslərin fonunda Azərbaycan, açıq şəkildə görünür ki, mümkün qədər bu təhlükəli zolaqdan kənarda qalmağa çalışır. Eyni zamanda, Bakı qarşı tərəfləri dialoqa cəlb etməyin yollarını axtarır və regional balansı pozmamağa üstünlük verir.
Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biri olan balans siyasəti təəssüf ki, tez-tez ya düzgün anlaşılmır, ya da siyasi manipulyasiya obyektinə çevrilir. Bu siyasətin mahiyyəti – dost və tərəfdaş ölkələrlə eyni zamanda sağlam, praqmatik və ziddiyyətli maraqlara baxmayaraq sabit münasibətləri qorumaqdır.
Azərbaycan üçün İsrail önəmli strateji tərəfdaşdır – xüsusilə texnologiya, hərbi-texniki və enerji sahələrində əməkdaşlıq mühüm rol oynayır. Digər tərəfdən, İranla da Azərbaycanı yüzillərlə formalaşmış tarixi, dini və mədəni bağlar birləşdirir. Moskva ilə münasibətlərdə zaman-zaman gərginliklər yaşansa da, Bakı Rusiyanın regiondakı təsir imkanlarını nəzərə alaraq əlaqələri minimal risklə sabit səviyyədə saxlayır. Türkiyə isə Azərbaycanın ən yaxın müttəfiqidir – bu, təkcə siyasi bəyanatlarda deyil, müharibə və sülh dövrlərində göstərilən konkret dəstəkdə də aydın görünür.
Bu qədər mürəkkəb və bir-biri ilə ziddiyyətli maraqlara sahib olan ölkələrlə paralel şəkildə münasibət saxlamaq böyük diplomatik bacarıq tələb edir. Lakin bəzən bu çevik siyasət, xüsusilə də qardaş Türkiyədə bəzi dairələr tərəfindən yanlış anlaşılır və təhrif edilir.
Əgər məsələni daha aydın təhlil etsək, görərik ki, Türkiyənin özü də bölgədə faktiki olaraq balanslı və ehtiyatlı bir xətt aparır. Qəzzada baş verən dəhşətli hadisələrə Ankara sərt siyasi reaksiya versə də, bu mövqe real hərbi və ya iqtisadi tədbirlərlə müşayiət olunmur. Türkiyə nə İrana konkret hərbi dəstək verir, nə də ABŞ–İsrail münasibətlərini sarsıdacaq radikal addımlar atır. Yəni, əslində Ankara da regionda öz maraqlarına uyğun şəkildə balans siyasəti yürüdür – buna “Türkiyəsayağı balans siyasəti” də demək mümkündür.
Azərbaycan da eyni yanaşmanı öz ölçüləri və imkanları çərçivəsində həyata keçirir. Rəsmi Bakı hər zaman Ankaranın bu siyasətinə anlayış göstərib, onu dəstəkləyib. Bu qarşılıqlı anlayış və etimad gələcəkdə də davam edəcək.
Lakin burada narahatlıq doğuran məqamlar da var. Son zamanlar Türkiyənin bəzi hökumətyönlü media orqanlarında – o cümlədən “Yeni Şafak”, “Akit”, “Star”, “TRT World” kimi qurumlarda – Azərbaycanı İsraillə hərbi əməkdaşlıqda ittiham edən, hətta İran əleyhinə zərbələrdə Azərbaycan ərazisinin istifadə olunduğunu iddia edən yazılar dərc olunmağa başlayıb. Bu iddiaların heç biri sübuta yetirilməyib, amma təəssüf ki, yayılması həm Azərbaycan–Türkiyə münasibətlərinə kölgə sala, həm də regiondakı gərgin fonu daha da qızışdıra bilər.
Azərbaycanın tutduğu mövqe sabitlik və ehtiyatlılıq üzərində qurulub. Bu siyasət nə kiməsə qarşıdır, nə də hansısa tərəfə birbaşa xidmət edir. Azərbaycanın mövcud xətti – dövlət maraqları, təhlükəsizlik və regional sülh baxımından ən məntiqli yanaşmalardan biridir və bu xəttin daha düzgün anlaşılıb qiymətləndirilməsi regionda ortaq təhlükəsizliyə dəstək ola bilər.
Politoloq Turan Rzayev