Baş nazir Əli Əsədovun başçılığı ilə Nazirlər Kabinetinin üzvləri Milli Məclisin iclasında iştirak etdi; nazirlər birinci oxunuş zamanı müsbət proqnozlar səsləndirdilər
Noyabrın 19-da Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirələrinə başlanılıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda baş nazir Əli Əsədov və Nazirlər Kabinetinin üzvləri iştirak edib.
Spiker giriş nitqində iqtisadiyyatımızın dayanıqlığı və ardıcıl inkişafının təmin edilməsindən bəhs edib: “Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib. Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və "yaşıl enerji" layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir". Spiker bildirib ki, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir.
Daha sonra “Azərbaycan Respublikasının 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. Komitə sədri 2026-cı ilin büdcə zərfinin qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə daxil olduğunu, Hesablama Palatası tərəfindən həmin sənədlərə dair rəylərin hazırlandığını qeyd edib. O bildirib ki, növbəti ilin büdcə zərfi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə hazırlanıb. Dövlət suverenliyinin tam bərpasında, onun iqtisadi əsaslarının möhkəmlənməsində ölkə iqtisadiyyatının, dövlət büdcəsinin müstəsna rolu var. Komitə sədri Prezident İlham Əliyevin söylədiyi “Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir”, “İqtisadi artım olmadan, sadəcə, büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir”, “Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməlidir” kimi istiqamətverici fikirlərinin ölkəmizdə həyata keçirilən büdcə siyasətinin, o cümlədən 2026-cı ilin büdcə zərfinin konseptual əsaslarını təşkil etdiyini vurğulayıb.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla, ÜDM-in 2,3 faizini təşkil edəcək. Bu barədə danışan A.Əmiraslanovun sözlərinə görə, növbəti ildə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşür. A.Əmiraslanov büdcə zərfinin siyasi, konseptual, institusional, iqtisadi, sosial və təhlükəsizlik sənədi olduğunu qeyd edib. O bildirib ki, 2026-cı ilin büdcə zərfi siyasi sənəd kimi dövlət başçısının irəli sürdüyü təşəbbüsləri, təsdiq etdiyi dövlət proqramlarını, ölkəmiz qarşısında dayanan strateji vəzifələri və prioritetləri əks etdirir və onların icrası üçün maliyyə təminatını həll edir: “Sosial sənəd baxımından büdcə zərfində xərclərin 41 faizinin sosialyönümlü olması, sosial hədəflərin maliyyə təminatının nəzərə alınması ehtiva olunur. Növbəti ilin büdcə zərfi həm də milli təhlükəsizlik və müdafiə məsələlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir”. Komitə sədri 2026-cı ildə cari xərclərin 88,1 faizinin qeyri-neft-qaz gəlirləri hesabına qarşılanacağını önəmli hesab edib.
"2026-cı ildə dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat məbləğində proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat və dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində təklif edilir".
Maliyyə naziri Sahil Babayev Milli Məclisdəki büdcə müzakirəsi zamanı çıxışı zamanı bunları söyləyib. Nazir vurğulayıb ki, hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir: “Borc portfelinin tərkibində dövlətin xarici borcu ümumi borc portfelinin 32,8 faizinə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılmış, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artmışdır. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır”.
S.Babayev deyib ki, 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək: “Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq”. Nazir bildirib ki, ortamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artıb. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək”. S.Babayev deyib ki, sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov müzakirələr zamanı bildirib ki, ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur. Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir: “Bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4%) çərçivəsindədir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir”.
M.Cabbarov qeyd edib ki, son 7 il ərzində qeyri-neft-qaz özəl sektorda əməkhaqqı fondu 3 dəfə artıb: “Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilib. Nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft qaz sektorunda vergitutma bazası genişləndi, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artdı. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əməkhaqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artıb”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, cari ildə büdcə qaydasının fəlsəfəsində dəyişiklik edilib: “Qaydanın birinci göstəricisi olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, hesablamalarımıza əsasən, müvafiq hüquqi aktların göstəricilərindən bir qədər çoxdur. Hesab edirik ki, qaydada aparılmış dəyişikliklər həmin hüquqi aktlara yenidən baxılmanı zəruri edir”.
V.Gülməmmədov əlavə edib ki, növbəti il üçün real artım tempi 2,9%, nominal həcmi 134,1 mlrd. manat olmaqla tarixən ən böyük həcmdə ümumi daxili məhsul və onun 28,6% nisbəti ilə ölçülən dövlət büdcəsi gəlirləri, 33,4% nisbəti ilə ölçülən icmal büdcə gəlirləri proqnozlaşdırılıb: “Növbəti ildə iqtisadi artımın tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin ediləcəyi nəzərdə tutulur. Növbəti il üçün tərtib edilmiş proqnozlar strategiyada müəyyənləşdirilmiş 2021-ci ilə nisbətən 2026-cı ildə iqtisadiyyatın 1,2 dəfə, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 1,3 dəfə artması hədəfləri ilə uyğunluq təşkil edir. Bu göstəricilər üzrə strategiyaya uyğunluğun əsasən nəqliyyat, tikinti, informasiya və rabitə hesabına təmin ediləcəyi proqnozlaşdırılır”.
V.Gülməmmədov deyib ki, 2026-cı ilin icmal, o cümlədən dövlət büdcəsində neft gəlirlərinin əvvəlki dövrlə müqayisədə azalacağı, qeyri-neft gəlirlərinin isə artacağı proqnozlaşdırılıb. Bildirib ki, növbəti ildə Dövlət Neft Fondundan transfert cari ilin proqnozu ilə müqayisədə 11,4% azalmaqla nəzərdə tutulur: “Transfertin azaldılmasını həm fondun vəsaitlərinin qorunması, həm də dövlət büdcəsinin neft asılılığının azaldılması baxımından müsbət qiymətləndiririk. Eyni zamanda, onu da qeyd edim ki, transfertin DNF gəlirlərinə nisbəti 98,5% təşkil etməsi gözlənilir. 2026-cı ilin dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal qurumlar üzrə artım proqnozlaşdırılıb. Növbəti ildə baza ssenari proqnozlarının icra olunacağı şəraitdə gəlir inzibatçıları üzrə proqnozların icrasında ciddi risklərin olmayacağı qənaətindəyik”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxışında bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına görə, qlobal iqtisadi artımın 2025-ci ildə 3.2%, 2026-cı ildə isə 3.1% olacağı proqnozlaşdırılıb. Hesabatda qlobal inflyasiya proqnozu 2025-ci il üzrə 4.2% sabit saxlanılıb, 2026-cı ilə isə 0.1 faiz bəndi artırılaraq 3.7% müəyyən edilib. Ticarət tərəfdaşlarında illik inflyasiya ötən ilin sonunda 11% ilə müqayisədə cari ilin sentyabr ayında 8.2% təşkil edib. Həmçinin ABŞ dolları indeksi 10 ayda 8 faiz zəifləyib. Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul real ifadədə 1.3%, o cümlədən qeyri-neft-qaz sektorunda 3.1% artıb. Qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrinin artımından irəli gəlib". T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın iqtisadi artımla bağlı proqnozları nikbindir: “Oktyabrda yenilənmiş proqnozlarımıza görə, ümumi ÜDM 2025-ci ildə 2.2%, 2026-cı ildə isə 2% artacaq. Qeyri-neft-qaz ÜDM 2025-ci ildə 3.7%, 2026-cı ildə isə 4.4% artacaq. 2025-ci ilin 10 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 2.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Xatırladaq ki, 2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profisiti 2025-ci il üzrə 3.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 4.8%-i səviyyəsində olacaq”.
Büdcə müzakirələri bu gün öz işini davam etdirəcək.