İnanc və səbr- Məryəm Bağırova yazır

İnanc və səbr- Məryəm Bağırova yazır
20:40

İnsanın tarix boyu öz varlığının və yaradılışın fərqinə varması çox qədimdir. İnsan özünü tək hiss edirdi, ətrafdakı dünya isə sirrlərlə dolu idi. Zaman keçdikcə insanlar bu yaradıcı qüvvəyə yəni dünyada təsadüflərin yox, bir nizamın olduğuna  inanmağa başladılar. Bu inam təkcə fərdi düşüncə ilə məhdudlaşmadı; yavaş-yavaş icmaların və cəmiyyətlərin etiqadına çevrildi. Beləcə, müxtəlif dinlər ortaya çıxdı. Hər bir din insanın həyatını mənalı və nizamlı yaşamaq üçün bir yol göstərdi. İlk dinlərdən bu günə qədər əsas məqsəd insanı qorumaq, ona ümid vermək və həyatın çətinlikləri ilə baş etməyə kömək etmək olub.

   Tarix göstərir ki, insan həmişə bir “sığınacaq” axtarıb - yalnız gücün deyil, inamın da bir dayaq olduğunu dərk edib. Bu, bugünkü İslam da daxil olmaqla bütün dinlərin ruhunu formalaşdıran əsas anlayışdır.

   Bu gün biz gənclər başqa bir dövrdə yaşayırıq. Hər şey sürətlidir. Sosial şəbəkələrdə “ideal həyat”, “mükəmməl insanlar”, “həmişə xoşbəxt olanlar” görürük… Amma real həyatda işlər planlaşdırdığımız kimi getmir. İstədiyimiz alınmır. Sevdiklərimizi itiririk. Əziyyət çəkirik, amma nəticə görmürük. Və bir nöqtədə həyat mənasız görünməyə başlayır. O zaman sual yaranır: “Bütün bunların mənası nədir?”   Problem inamsızlıq deyil, yorğunluqdur. İnsan çox sındıqda, ard-arda itirdikdə, dua edib cavab almadığını düşündükdə içində bir qırılma yaranır. “Mən niyə yaşayıram?”, “niyə belə olur?” kimi suallar ortaya çıxır. Bu sualları vermək günah deyil. Əksinə, bu suallar imanın başlanğıcıdır. Düşünməyən insan inanmır, sadəcə təkrarlayır.

    İslam çox vaxt yanlış tanıdılır: qadağalar, qorxu, cəza kimi. Amma İslamın mərkəzində bir anlayış var - mərhəmət. Allah Quranda Özünü ilk olaraq “Rəhman və Rəhim” kimi tanıdır: bağışlayan, anlayan, səbr edən. İslam deyir ki: Sən yıxıla bilərsən. Sən səhv edə bilərsən. Sən yorula, ümidsizliyə düşə bilərsən, amma tam ümidini kəsmə.

    Çətin günlər insanın dəyərini azaltmır; əksinə, onu gücləndirir. Biz çox vaxt yalnız xoş günlərin iman olduğunu düşünürük. Halbuki ən güclü iman qaranlıqda qalanda da ayaqda dura bilməkdir. Bəzən istədiyimiz şeylər alınmadıqda özümüzü dəyərsiz hiss edirik. “Deməli, mən yetərli deyiləm” deyirik. İslam isə fərqli baxır: Bəzən alınmayan şeylər səni qoruyur. Bəzən gecikən cavablar daha böyük cavabın yoludur. Biz hər şeyi indi istəyirik. Amma həyat marafondur. Depressiya “iman zəifliyi” deyil - bu, ruhun yorulmasıdır. İslam deyir ki, ağlamaq ayıb deyil. Peyğəmbərlər də ağlayıb, kədərlənib, dua edib gözləyiblər. Bəzən namaz qılmaq çətin gəlir, bəzən dua etməyə hal olmur. O anlarda özünü məcbur etmə; sadəcə ürəyindən keçəni de:

“Allahım, mən yoruldum, mənə kömək ol, yol göstər” Bu da duadır. İslam sənə “mükəmməl ol” demir. Sənə deyir: “Düşsən də qalx, itirsən də yoluna davam et.” Və bəzən yalnız bir şey kifayətdir: ümidini tam itirməmək.

    İslam dini VII əsrdə, Ərəbistan yarımadasında yaranıb. Hz. Məhəmməd (s.ə.s.) vasitəsilə insanlara çatdırılan dinin əsas mesajı sadə idi: tək Allaha iman, ədalət və mərhəmət. O dövrdə cəmiyyət zülm və cahillik üzərində qurulmuşdu. İslam isə insanın dəyərini nəsildə, var-dövlətdə yox, niyyətində və əməllərində gördü. Qısa zamanda İslam yalnız bir inanc deyil, həyat tərzinə çevrildi. Elm, əxlaq, hüquq və ictimai münasibətlər bu dinin içində formalaşdı. İslamın ilk dövrlərində sual vermək, düşünmək, öyrənmək ibadət sayılırdı. Bu, qorxudan doğan bir din deyildi; şüurla qəbul edilən inam idi. Bu gün İslam hələ də milyonlarla insan üçün ümid, səbr və dayaqdır. Amma yanlış təqdimatlar, siyasi maraqlar və fanatizm səbəbilə bəzən öz mahiyyətindən uzaq göstərilir. Bir çox gənc İslamı insanların davranışına görə tanıyır, dinin özünə görə yox. Amma İslam dünən nə idisə, bu gün də odur: insanı qoruyan, ona mənəvi istiqamət verən bir yoldur. Din insanı qorxutmaq üçün yaranmayıb. Əgər bir inanc insanı sıxırsa, nəfəsini daraldırsa, onu davamlı günahkar hiss etdirirsə - problem dində deyil, onun təqdim olunma formasındadır. Quran bunu açıq deyir: “Allah sizin üçün çətinlik istəməz, asanlıq istər” (Bəqərə, 2:185) “Dində məcburiyyət yoxdur” (Bəqərə, 2:256)

   İman - insanın Allahla öz arasında qurduğu sakit bağdır. O bağda səs-küyə, təzyiqə, başqalarının hökmünə ehtiyac yoxdur. Sadəcə sığınmaq kifayətdir. Allah insandan kamillik yox, səmimiyyət istəyir. Din insanı həyatdan qoparmamalıdır. Əksinə, ona güc verməlidir. Hər şey ağır gələndə, heç kim anlamadıqda, yollar bağlanmış kimi göründükdə  sadəcə bil ki, sığınacaq var. Quran ayələri bunu təsdiqləyir: “Şübhəsiz ki, hər çətinliyin ardınca bir asanlıq vardır” (İnşirah, 94:5–6)


Sizin reklam burada
Sizin reklam burada