İlkin Süleymanovun məhkəməsi ilə bağlı MÜHÜM QƏRAR VERİLDİ- Nərmin cinayətində nələr dəyişəcək?

İlkin Süleymanovun məhkəməsi ilə bağlı MÜHÜM QƏRAR VERİLDİ-  Nərmin cinayətində nələr dəyişəcək?
17 Apr 2024 18:02

Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunub. Buna görə də, 10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb.

Məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində 8 aydır davam edən prosesin dayandırılmasına səbəb sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır. Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra prosesin davam edəcəyi bildirilir.

Bəs yeni dəyişiklik İlkin Süleymanovun məhkəmə prosesində nələrə təsir edəcək?

Məsələ ilə bağlı danışan İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyib ki, Teyyub Muxtarov İlkinin 2020-ci ildə ilk 2 ay 18 gün seçilmiş həbs qərarında verdiyimiz apellyasiya şikayətinə baxan hakimdir:

“2020-ci ildə həmin şəxs İlkinin bədənindəki işgəncə izlərini özü də görmüşdü. Məhkəmədə İlkin hər kəsə işgəncə izlərini göstərmişdi, hətta hakim də onu görmüşdü. Artıq 10 aya yaxındır ki, apellyasiya prosesi davam edir və indi həmin hakim Ali Məhkəməyə təyin olunub. Apellyasiya prosesi martın 27-nə təyin olunmuşdu, daha sonra bu ayın 16-na təxirə salınmışdı və dünən zəng edib bildirdilər ki, yeni hakim təyin olunub. Bizim verdiyimiz vəsatətlərin heç biri təmin olunmayıb”.

Təqsirləndirilən şəxsin qardaşı qeyd edib ki, yeni hakimin ədalətli qərar verəcəyinə inamımız yoxdur. Onun sözlərinə görə, Teyyub Muxtarovun Gəncə Apellyasiya Məhkəməsinin hakimi olduğu zaman iki istintaqın aparılmasına qərar vermişdi: “Biri işgəncə ilə bağlı, digəri isə İlkinin dindirilməsi ilə bağlı idi. İlkinin guya Nərmini saxladığı deyilən otaqdan ona aid heç bir əşya, heç bir fakt ortaya çıxmadı. Bir damla qan belə tapılmamışdı. İlkinin məhkəmədə verdiyi ifadə həqiqətləri əks etdirmir, çünki onların hamısı İlkinə öyrədilmiş bir şou idi”.

Adil Süleymanov əlavə edib ki, əsas müəmmalı məqamlardan biri meyitin yandırılması və yandırılmadan əvvəl təcavüzə məruz qalması ilə bağlıdır. Çünki Nərminin cinsi istismara məruz qaldığı təsdiqini tapmadı. Ekspertizanın rəyinə görə, İlkinin cinsi aktivliyi olmayıb və bu da hər şeyi sübut edir.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev redaksiyamıza bildirdi ki, yeni hakimin təyin olunmasının nəyisə deyişəcəyini demək çətindir:

“Hazırda apellyasiya prosesi davam edir, amma prosesin bizim xeyrimizə yekunlaşacağını demək olduqca çətindir. Çünki Teyyub Muxtarovun sədrliyi ilə aparılan məhkəmə prosesində də müəyyən narahatedici məsələlər var idi. Obyektiv qərarlar verilmirdi, obyektiv araşdırma aparılmırdı”.

Əlibaba Rzayev qeyd etdi ki, istintaqda araşdırılması daha çox vacib olan bir sıra məqamlar kölgədə qalıb, lazımsız və ciddi əhəmiyyəti olmayan məsələlər araşdırılıb.


Youtube kanalımız

Oxşar xəbərlər