Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvət edilib.
News365.az xəbər verir ki, dəvət məktubu yanvarın 9-da Prezident İlham Əliyevin Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, həmçinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul etdiyi zaman təqdim olunub.
Görüş zamanı qonaqlar Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək, səmimi qəbula görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qonaqlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim ediləcəyini bildiriblər. Mükafatın təntənəli təqdimat mərasimi bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Qeyd edilib ki, Prezident İlham Əliyev həmin tədbirdə fəxri qonaq qismində iştirak etməsi üçün dəvət olunub və dəvət məktubunun təqdim edilməsi qonaqlar üçün xüsusi şərəf hesab edilib.