Tehranda səfirliyimizə qarşı təşkil olunmuş terr@r olayında istifadə olunmuş şəxsin edam edilməsi haqda məlumat yayılıb. Güman edirəm ki, edamı izləmiş səfirliyimizin əməkdaşları, qrimlənmiş başqa şəxsin deyil məhz hadisəni tərədən şəxsin şəxsən özünün edam edildiyini dəqiqləşdirilir. Hər halda bu cəzanın icrasına nail olunması dövlətimizin qələbəsidir.
Müsəlman şərqində ilk terr@or təşkilatının banisi Qum əsilli Həsən Səbbah Ələmut
qalasında yetişdirdiyi dailəri əvvəlcə Hindistandan gətirizdirib dağlardakı plantasiyalarda becərdiyi narkotiklə təsir altına salıb sonra türk, müsəlman hakimlərə, liderlərə sui-qəsd etmək üçün istifadə edirdi. Dailər ya hadisə yerində öldürülür ya da geri dönərkən Həsən Səbbahın başqa dailəri tərəfindən edam edilirdi ki, sirr açılmasın.
Batini şüubiyyə təbliğatında ideologiya həmişə narkotiklə paralel irəliləyir. Yəni, insanın həm beynini həm də cismini zəhərləmək.
Səfirliyə qarşı törədilmiş hadisədə məhz azərbaycanlı şəxsin seçilməsi də təsadüfi deyil. Ələmut batiniləri Nizami Gəncəvini də öldürmək üçün məhz Əbu Tahir ləqəbli azərbaycanlını seçmişdilər. Millət vəkilimiz Fazil Mustafaya qarşı törədilmiş terr@or aktında da eyni metoddan istifadə edilmişdir.
Batini şüubiyyə haqqında, batini fəlsəfə barədə bizdə hələ insanlar çox cüzi və səthi məlumatlıdırlar. Ona görə də hələ çoxu elə bilir ki, İranı Pezeşkiyan idarə edir. Ona görə çoxu elə bilir ki, Səfəvilər imperiyasını da 13 yaşlı körpə İsmayıl idarə edib...
Fars Şəms Lahicinin, livanlı Müctəhid Kərəkinin çoxu heç adını da bilmir. Bax batini, həşşaşi ideolojisi belə, kölgə kimi, pərdə arxasından hərəkət edib həmişə. Türkün vuran qolundan, döyüş ruhundan istifadə edib əlinə qılınc verib salıblar digər türkün üstünə. "Dəliyə yer ver, əlinə bel ver", misalındakı kimi.
Sasani imperiyası fəth olunanda dağlıq Livana qaçmış Sasani qalıqlarının yarısı vaxtilə Büveyhilər olaraq ortaya çıxmış, sonradan Toğrul bəy Bağdadı xilas edərkən yenidən Livana, Suriyaya qayıtmışdılar. Həmin coğrafiyada əvvəlki dövlətlər türklər tərəfindən idarə olunduğundan fars şüubiyyəsinin gizli təşkilatı mütləq başa türk ünvanlı birini keçirməli idi, lap 13 yaşlı İsmayıl da olsa. Necə ki, indi də İranda türklərin artıq ayağa qalxdığını görüb dərhal bir soydaşımızı başa keçirib bayatı oxudurlar. Bax, Şah İsmayıla da eləcə şeir yazdırırdılar qara pərdələrin arxasında oturan Şəms Lahici-Gilanilər, sonra Lihandan gətirilən Müctəhid Kərəkilər...
Bu elə bir batini, gizli ideolojidir ki, hələ də onun mahiyyətini cəmiyyətə tam anlatmaq həqiqətən çətindir. Şah İsmayıl özü də bunun mahiyyətini Çaldırandan sonra anladı, amma çox gec idi. O, fars ideoloji-siyasi batini şüubiyyəsinin əsiri, girovu, aləti idi artıq. Onu sadəcə istifadə edirdilər. Onun sınması, məğlub olması fars ideoloqların vecinə də deyildi. Çıxış yolları axtarsa da, çabalasa da heç nə edə bilmədi, qəm - kədər içində əridi, cavan yaşında öldü.
Oğlu Təhmasibin dövlətinin rəsmən əsl sahibi olan Müctəhid Kərəki indiki İranın ali dini lideri rolunda idi. Şah sadəcə fars şüubiyyəsinin İmamlar adına uydurduqları hədis və rəvayətlər əsasında verilən qərarların icraçısıydı.
Hətta batini fars ideoloqların fitnəsi ilə doğma oğlu İsmayılı 14 il Qəzvin zindanında dustaq etmişdi, biçarənin gözləri kor olmuşdu. Batinilər qalada ona xaşxaş daşıyırdılar ki, aludə olub ölsün. Nəhayət Təhmasibin ölümündən sonra oğlu İsmayıl qaladan çıxan kimi demək olar ki, bütün qohum-qardaşını edam edərək başa keçdi. Fars şüubiyyəsinin ideoloji əsaslarından imtina etmək istədi, islahat aparıb məzhəb nifaqını aradan götürüb Osmanlı ilə münasibətləri nizamlamaq istədi. Müəyyən işlər də gördü. Qısa müddət ərzində batini fars şüubiyyəsinin aidiyyəti şöbəsi tərəfindən zəhər verilib məhv edildi.
Səfəvilər dövründə fars şüubiyyəsinin ali təntənəsi bir də Şah Abbasın dövründə öz qüdrətinə çatdı. Fars-ermənilərə açıq - aşkar üstünlük verildi. Avropa dövlətlərinin agentlərinə qapılar açıldı.
Bir də Nadir Xan zamanında bu ideologiyadan qurtulmaq fürsəti yarandı. Nadir də bəyannamə yazdı, şüubiyyənin məzhəbçilik məfkurəsindən qurtulmaq üçün hətta Osmanlıya müraciət etdi, lakin batinilik təqiyyə prinsiplərinə əsaslandığı üçün ola bilsin onlar da bu müraciətin səmimiliyinə inanmadılar. Nəhayət Nadiri də öldürdülər. Beləcə Sasani imperiyasının zamanla şəkli dəyişmiş, müsəlmançılıq, məzhəb cildinə girmiş şüubiyyə ideologiyası ayaqda qaldı. Hətta xanlıqlar zamanında belə yaşadı. Şəki Xanı Çələbiyə digər xanların xəyanəti və başqa hallar buna rəğmən baş verirdi.
Axır ki, şüubiyyə 79 - cu ildə Şəmsəddin Lahicinin, Müctəhid Kərəkinin ideologiyasını yenidən dirçəltdilər, biçarə Şah İsmayılı "məfaxiri İran" İranın fəxri elan etdilər. Bu günki rejim məhz Səfəvilərin qurduğu və qoruduğu ideoloji əsaslar üzərində bərqərardır. Eyni sistem, eyni ideolojidir. Batinilikdə sadəlövh xalqı aldatmaq heç də çətin deyil. Lazım gəlsə Azərbaycan dilini dövlət dili də elan edə bilərlər. Hətta ali dini lider Şah İsmayılın bayatılarını da söyləyə bilər ki, burdakılar rahatlaşsın, ram olsun. Gizli batini "Höccətiyyənin" lazım gələndə sadəlövh türkü ram etmək üçün qabağa keçirməyə o qədər Şah İsmayılı, o qədər Pezeşkiyanı var ki...
Bütöv Azərbaycan yaradıb deyilən Xətaini beləcə xətakar elədilər, əslində onun əli ilə bütöv Azərbaycanı dini, ideoloji cəhətdən ikiyə böldülər. Coğrafi cəhətdən bütövləşən Azərbaycan ideoloji cəhətdən elə parçalandı ki, hələ də birləşə bilmir. Türk dünyasının ortasından bir ideoloji sədd çəkdilər: rəsmi sünni - şiə ideoloji səddi! Bu fars səddi elə bir səddir ki, onun hətta adını çəkəndə belə türklər arasına nifaq düşür, nəinki o səddi dağıtmaq...
İki gün əvvəl qardaş dövlətin başçısı sözgəlişi bircə cümlə işlətmişdi, həm ölkəmizdə cəmiyyət ikiyə bölündü həm də Türkiyəyə qarşı münasibətdə ikiyə bölündü.
Sovet hakimiyyəti də öz xeyri üçün bundan istifadə edib. Yox, ona lazım idi, Azərbaycan xalqının milli şüurunu oyatmaq üçün Babəki qəhrəman kimi təbliğ etdirmək? Xalqın İslam inancına qarşı vuruşmuş biri kimi, İslam ümmətçiliyinə müxalif biri kimi obrazda təqdim edərək (əslində də elə idi) xalqın müsəlmanlıqdan ikrahını tənzimləyirdi. Səfəvilərdən, xüsusən Şah İsmayıldan da həm Türkiyə ilə ideoloji vəhdətin qarşısını almaq həm də İranla gərginliyi arıtmaq üçün istifadə edirdi. Osmanlı - Səfəvi arasında baş vermiş yüzlərlə müharibə və döyüşün içindən yalnız Çaldıran döyüşünü xüsusilə seçib qabartmaqda böyük niyyətlər, maraqlar vardı. Bu döyüşü həm Osmanlı həm də Səfəvi tərəfdə qabartdılar, təmtəraqlı şəkildə tarixə həkk etdilər ki, yaddan çıxmasın, unudulmasın, hər zaman iki türkün, iki müsəlmanın arasında bir səddə, sızıdayan və sağalmayan yaraya çevrilsin. Həm Osmanlı həm də Səfəvilər tərəfə doluşmuş Avropa agentləri bunun propaqandasını aparırdılar. Farslar isə sevinirdi. Çünki bu döyüşlə iki türkün arasında bir yara açmışdılar. Bu gün də o yaradan istifadə edirlər.
Batini fars şüubiyyəsi heç zaman üzdə olmur, özünü qabağa, başa vermir. Tarix boyu yağ satan dərviş cildində, tacir qılıfında, miskin abid rolunda, sufi maskasında olublar.
Bu günki fars rejimi dediyimiz quruluş əslində həmin ideoloji əsaslara dayanan Həşşaşi Ələmut batinilərinin silsiləvi davamıdır.
İslam tarixində ilk terr@r ənənəsinin əsasını da onlar qoyub. Sasani imperiyasını fəth edən Ömər Xəttab oğlunu elə bezdirmişdilər ki, o deyirdi, kaş farslarla aramızda alovdan dağlar olaydı, o səmtə üz çevirməyəydik...
Axırda ona qarşı terr@r təşkil edib, İslamda ilk xəlifə qatili kimi farslar tarixə düşdü.
Ərəblərdə terr@or ənənəsi yox idi, onlar gizli sui-qəsdi nakişilik, namərdlik, qorxaqlıq hesab edirdilər. Hətta müharibədə bir - birini arxadan oxla, nizə ilə vurmazdılar. Hətta Həzrət Əlinin də zirehinin arxa tərəfi açıq idi, hörülməmişdi.
İraq əcəmi və ümumilikdə Sasani imperiyası fəth ediləndən sonra müsəlmanlar arasında məzhəbçilik, ikitirəlik, nifaq, ixtilaflar, gizli təşkilatlar, terr@r aktları, sui-qəsdlər baş qaldırmağa başladı. Fars kimliyini gizlətmək üçün saxta şəcərə düzəltmək, özlərini hətta Peyğəmbərlərin soyuna bağlamaq ənənəsini də onlar gətirdi. Həsən Səbbah da Qumda doğulan fars olduğu halda özünü Yəmən əsilli şahların soyuna bağlayırdı. Sonralar Şah İsmayılın da haqqında şəcərə düzəldib onun da guya İmam Musa əl Kazımın soyundan olduğunu iddia edəcəkdilər. Bu gün də belə saxta şəcərə düzəltmək faktları var. Hətta ölkəmizdə də var.
Həzrət Əlini sui-qəsdə məruz qoyaraq şəhid edən xaricilərin mənəvi ataları da məhz fars şüubiyyəsi idi. Sasanilərin Yəməndə təyin etdiyi fars valinin soyundan olan İbn Mülcəm Muradi imamı məhz şüubiyyənin namərd ənənəsi üsulu ilə öldürmüşdü.
Həzrət Əlinin xəlifə olaraq mühafizəçi saxlamamaqda siyasi səhvə yol verdiyini iddia edənlərə qarşı orta əsr mötəzili filosofu İbn Əbil Hədid yazır ki, o Həzrət heç bir səhv etməmişdi. Çünki o dövrdə ərəblər arasında belə ənənə yox idi. Kişilər kişi kimi döyüşüb bir - birini öldürürdü, gizli şəkildə, xəyanətkarcasına sui-qəsdlər etmirdilər. Edənlərə də namərd kimi, xain kimi baxırdılar, onun öz qəbiləsi sonra ondan imtina edirdi, tayfası sosial təcridə məruz qalırdı. Ömərin də sui-qəsdə məruz qaldığından niyə örnək götürmədiyinə gəlincə, çünki ona sui-qəsdi ərəb yox, fars etmişdi. Ətrafındakıların əsasən ərəblərdən olduğunu və ənənəni əsas götürən İmam özünə qoruyucu götürməmişdi. Bu, qorxaqlıq kimi qəbul olunurdu. Məhz bu baxımdan da onu şəhid etməyə fars kimliyi ilə tanınan şəxs yox, diqqət çəkməmək üçün ərəb kimliyi ilə tanınan şəxs seçmişdilər. Həm də ərəblərin farsa qarşı nifrətinə əsas verməmək gərəkirdi.
Şüubiyyə batini ideologiyasının dailəri, üzvləri istənilən cildə girə bilir, istənilən dini qəbul edə bilir, istənilən mümkün üsuldan istifadə edirlər. Tarixdə minlərlə batini sima var ki, bu gün onları, hamı başqa ünvanla tanıyır. Heç indi desək bizi topa tutarlar ki, xeyr onlar o əqidədə olmayıblar. Ən təhlükəli, ən dəhşətli, ən xəyanətkar üsullardan istifadəni mümkün sayırlar. Təsadüfi deyil ki, yarandığı dövrün ən qatı cinayətkar, terr@rçu rəşkilatı kimi tarixə düşüb.
Son olaraq: unutmamaq lazımdır ki, həmin ideologiya həmin təşkilat bu gün də yaşayır, daha müasir, daha gizli şəkildə fəaliyyət göstərir. Bunu nəzərə alaraq tarixdən ibrət götürmək lazımdır. Səlcuqlular, Əyyubilər hətta monqollar bunların zərərini necə dəf edirdilərsə, xalqın beyini, canını onlardan necə qoruyurdularsa bu öyrənilməli, tədbirlər görülməlidir, iş aparılmalıdır. Bu ideoloji xalqın tarixini, cismini, ruhunu, beynini, dinini, inancını zəhərləyə bilir, öz nəfinə istifadəyə yönəldə bilir. İdeoloji birlik coğrafi birlikdən vacibdir. İdeolojisi fərqli, bir - birinə zidd olan xalqı, əhalini coğrafi cəhətdən də ayırmaq asandır. Batini, şüubiyyənin məzhəb, din cildindəki dailəri məhz bizi ideoloji cəhətdən bölmək istəyir. Bunun qarşısının alınması ilə bağlı ciddi işlər görülməlidir.
Tural İrfan, politoloq