"Lavrovun səfərini qısa şəkildə belə xarakterizə etmək olar: Ermənistanın Rusiyanın forpostu kimi qalmağa davam edəcəyinin rəsmiləşdirilməsi."
Milli Məclisin deputatı Tural Gəncəliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bu səfər, xüsusilə seçkilərdən sonra Ermənistanın xarici siyasət kursunu müəyyən etməsi fonunda baş verir. 44 günlük müharibədən sonra Ermənistanla Rusiya arasında münasibətlərdə gərginlik yaranmışdı. Ermənistan Rusiyanı ittiham edirdi ki, müharibə zamanı ona dəstək verməyib, onu Azərbaycanla təkbətək qoyub. Rusiya isə cavab olaraq bildirirdi ki, müharibə Ermənistan ərazisində deyil, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan Qarabağda baş verib. Bu səbəbdən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə əsasən müdaxilə edə bilməzdi.
Müharibədən sonra Ermənistanın Qərbə, xüsusilə Avropa İttifaqına yönəlik siyasətini müşahidə etdik. Lakin Lavrovun bu səfəri göstərdi ki, Rusiya Ermənistanı hələ də öz təsir dairəsində saxlamaq niyyətindədir. Bu, həm mesaj, həm də xəbərdarlıq xarakteri daşıyır: Ermənistan Rusiyanın təsirindən çıxmaq istəsə belə, reallıqlar onun hələ də Rusiyanın forpostu olaraq qalmasına şərait yaradır.
Eyni zamanda, Ermənistanın zəif və qeyri-sabit vəziyyəti Rusiyanın əlini gücləndirir. Rusiya bu fürsətdən istifadə edərək, regionda yenidən əsas söz sahibinə çevrilmək niyyətindədir. Xüsusilə də son dövrlərdə Rusiya ilə Qərb, o cümlədən Trump-Putin danışıqları və Ukrayna cəbhəsindəki vəziyyət Moskvanın Cənubi Qafqazda daha sərbəst hərəkət etməsinə imkan verir. Lavrovun səfəri də məhz bu geosiyasi üstünlüyün təzahürüdür"