Böyük şəhərlərin qayğıları da çox olur. Əhalinin rahatlığını, maneəsiz gediş-gəlişini təmin etmək isə mövcud problemlərin böyük bir hissəsinin həlli deməkdir. Digər paytaxtlar kimi Bakı da böyüyür, inkişaf edir, şəhər infrastrukturunda nəqliyyat məsələsi diqqət mərkəzində saxlanılır. Bütün bunlara baxmayaraq, ictimai nəqliyyatla bağlı problemlər hər zaman olub. İstər sərnişinlərin ən çox
narazılığına səbəb olan xəttə buraxılan nəqliyyat sayının azlığı, xüsusilə də şəhərətrafı işləyən avtobusların istifadəyə yararsızlığı və digər problemlər insanların narazılığına səbəb olur.
İllər öncə ictimai nəqliyyatda kart sisteminə keçməklə həmin məsələlərin bir qismini daha müasir formada həll etməyə çalışdılar. Bu məqsədlə, 2015-ci ildən etibarən "Bakı Metropoliteni"ndə və avtobus marşrut xətlərində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə həyata keçirilməyə başlandı. Bu, ictimai nəqliyyatda gediş haqqının beynəlxalq standartlara uyğun olaraq nağdsız elektron ödənişidir və olduqca təqdirəlayiq, modern bir üsuldur. Çünki köhnə qaydalarla gediş haqlarının ödənilməsi həm vaxt, həm de mahiyyət baxımından əlverişli deyildi. Bəzən sərnişinlərin üzərində xırda pulların olmaması və yaxud da sürücünün böyük pulları qaytarmaq, xırdalamaq imkanı olmadığından problemlər yaşanırdı. Bu mənada, kart sisteminə keçid yaranmış problem və çətinliklərin həllinə müəyyən dərəcədə təkan verdi. Yəni "BakıKart" nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin edir. İctimai nəqliyyatdan istifadə edən hər bir vətəndaş rahat şəkildə dayanacaqda quraşdırılmış POS-terminala yaxınlaşır və balansını artırır. Bununla da onun rahat gediş-gəlişinə heç nə mane olmur.
Təəssüflər olsun ki, bu rahatlıq uzun sürmədi. “Bakıkart"ın nağdsız ödəniş sisteminin tətbiqi sərnişinlər tərəfindən razılıqla qarşılansa da, sonralar bu istiqamətdə də bəzi problemlər yarandı. Əsas problemlərdən biri və ən başlıcası dayanacaqlarda fəaliyyət göstərən “Bakıkart” ödəniş terminallarının yığışdırılmasıdır. Demək olar ki, paytaxtda onların əksəriyyəti artıq quraşdırılmayıb və ya sökülüb. Əgər vətəndaşın gediş haqqı balansını artırmaq üçün heç bir imkanı yoxdursa, o zaman ya yolda qalacaq, ya da əlacsız şəkildə uzaq məsafəni piyada qət edəcək, yaxud da taksidən istifadə etməyə məcbur qalacaq. Çünki dayanacaqda “Bakıkart” ödəniş terminalı olmadığı, “MilliÖn” terminalının işləmədiyi təqdirdə, vətəndaş çıxış yolu tapa bilmir.
Məsələ ondan ibarətdir ki, “Bakıkart"ın missiyası nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdir. Bəs terminalların yığışdırılması nə ilə bağlıdır? Ona görə də vətəndaş nəinki rahatlıq əldə edir, əksinə daha çox əziyyət çəkir. Aidiyyəti qurumlar məsələnin həlli kimi metro və marketlərdə quraşdırılan POS-terminallardan istifadəni məsləhət görür. Əgər vətəndaşın istifadə etdiyi dayanacağın yaxınlığında metro və ya böyük market yoxdursa, o zaman alternativ variant kimi hansı üsuldan istifadə etsin? Məlumdur ki, bütün marketlərdə sözügedən “MilliÖn” terminalları quraşdırılmır. Hətta həmin aparatların bəziləri qəpikləri də qəbul etmir. Hazırda bir çox dayanacaqlarda nə ödəniş terminalları, nə də yaxınlıqda ticarət obyektləri olmadığından vətəndaşlar çıxış yolu kimi əllərində 10, 20 qəpik dəyərində sikkələrlə digər sərnişindən onun da əvəzinə ödəniş etməsi üçün xahiş etməli olurlar. Bu isə nə beynəlxalq standartlara uyğun fəaliyyət göstəricisi, nə də ürəkaçan hal deyil. Düzdür, mobil tətbiq bu sahədə son yeniliklərdən biridir və vətəndaş gediş haqqını bu üsulla ödəyə bilər. Lakin reallıq ondan ibarətdir ki, heç də hər bir sərnişinin sözügedən tətbiqdən istifadə etmək və ya balansını artırmaq imkanı yoxdur. Nəzərə alsaq ki, illər öncə dayanacaqlarda quraşdırılan monitorlar da eyni aqibətlə üzləşdi. Milyonlarla vəsait sərf edilərək ölkəyə gətirilib quraşdırılan həmin monitorlar bu gün dayanacaqlarda toz basmış, lazımsız əşyaya çevrilib.
Problemin nə qədər davam edəcəyi və yaxud da çıxış yolu kimi hansı üsullardan istifadə olunacağı da məlum deyil. Anlaşılan odur ki, “bu xamir hələ çox su aparacaq”.
Görülən bütün tədbir və səylərə baxmayaraq, bu sahənin problemləri olduqca çoxdur. Nəzərə almaq lazımdır ki, qış fəsli yaxınlaşır. Həm havaların kəskin soyuması, həm də şəhərdə insanların sıxlığı problemi bir az da qabardır. Hələ sərnişindaşımada gecikmələr, bəzi avtobusların dayanacağa böyük intervallarla yaxınlaşması və digər problemlər haqlı olaraq insanların narazılığına səbəb olur. Şəhərdaxili avtobus marşrutlarının yenilənməsi, daha iri tutumlu və keyfiyyətli avtobusların gətirilməsi olduqca vacibdir. Marşrutların və avtobusların sayı, həmçinin intervallar tələbata uyğun hesablanmalıdır. Məsələn, 1000 sərnişinin daşınması üçün 20 avtobus tələb olunursa, bu gün həmin yük cəmi 10 avtobusla nizamlanır. Sadalanan problemlərlə bağlı sərnişin haqlı olaraq iradını bildirəndə isə sükan arxasında oturan avtobus sürücüsü ya telefonla danışaraq özünü məşğul kimi göstərir, ya da narazı şəkildə “minmə” cavabı ilə kifayətlənir. Qeyd edilən faktlar daha çox şəhərətrafı marşurut avtobuslarında yaşanır.
Sərnişindaşımada digər ciddi problem marşrutların düzgün təşkil edilməməsidir. Maraqlıdır ki, şəhərdaxili və metroətrafı marşrutlar nisbətən daha yaxşı təşkil edilib. Metro olmayan, şəhərdən uzaq qəsəbə və kəndlərdə isə tam əksinədir. Axşam işdən çıxıb evinə tələsən insanlar gec saatlara kimi dayanacaqlarda avtobus gözləməli olurlar. Göründüyü kimi, bu sahədə çatışmazlıqlar çoxdur. Paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm qərarlar qəbul edilir, kifayət qədər vəsait ayrılır. Lakin problemlər yenə də qalır.
Ramidə Yaqubqızı, publisist