Deputat Günay Ağamalı ailə üzvləri barədə yayılan məlumatlarla bağlı açıqlama verib.
Bu barədə News365.az-a danışan deputat yayılan görüntülərin ailəsinə aid olmadığını və bunun məqsədli şəkildə təşkil edilmiş qara-piar kampaniyasının tərkib hissəsi olduğunu bildirib.
Günay Ağamalının sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan video süjetdəki şəxsin onun övladı ilə heç bir əlaqəsi yoxdur:
“Videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış qərəzli və manipulyativ kampaniyadır. Kadrlardakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun ailəmizlə heç bir bağlılığı yoxdur”.
Deputat vurğulayıb ki, şəxsi həyata dair saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi ailəsinə, övladlarına və fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirilir və bu, hüquqi və mənəvi cəhətdən yolverilməzdir.
O, Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun qorunmasının vacibliyinə diqqət çəkərək media qurumlarını və məlumatı təhrif edən şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Günay Ağamalı əlavə edib:
“Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Atdığımız hər addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və belə də davam edəcək”.
Deputat media subyektlərini və ictimaiyyəti yayılan məlumatlara həssaslıqla yanaşmağa və təsdiqlənməmiş iddiaları paylaşmamağa səsləyib.