Prezident İlham Əliyev: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər”
Azərbaycan tarixində gənclər hər zaman
cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin əsas təminatçısı kimi xüsusi
yer tutmuşdur. Məhz bu strateji baxışın nəticəsi olaraq Ulu Öndər Heydər
Əliyevin 1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncama əsasən 2 fevral
tarixi Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar təkcə rəsmi bir günün
təsis edilməsi deyil, eyni zamanda gəncliyə olan böyük etimadın, inamın və
dövlət qayğısının bariz nümunəsi idi. 1990-cı illərin mürəkkəb ictimai-siyasi
şəraitində Azərbaycan gənclərinin potensialını düzgün istiqamətə yönəltmək,
onları dövlət quruculuğu prosesinə fəal şəkildə cəlb etmək mühüm vəzifələrdən
biri idi. Ulu Öndər Heydər Əliyev gəncləri ölkənin gələcəyi adlandıraraq
onların milli ruhda, vətənpərvərlik, müasirlik və yüksək intellektual səviyyədə
formalaşmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi
müəyyənləşdirmişdi.
2 Fevral – Azərbaycan Gəncləri Günü MDB
məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda
təsis edilmiş və qeyd olunmağa başlanmışdır. Bu fakt ölkəmizin gənclər
siyasətində qabaqcıl mövqeyini və yenilikçi yanaşmasını bir daha təsdiqləyir.
Ulu Öndər Heydər Əliyev demişdir ki, bizim xalqımızın gələcəyi gənclərdir:
“Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura,
yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar.
Bunlar hamısı bir-birinə sıx bağlıdır”. Azərbaycan Respublikasında gənclər
siyasətinin hüquqi və institusional əsasları məhz Ulu Öndərin rəhbərliyi
dövründə formalaşmışdır. Gənclər təşkilatlarının yaradılması, onların
fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi, gənclərin beynəlxalq layihələrdə
iştirakının təşviqi bu siyasətin əsas istiqamətlərindəndir.
Bu gün Prezident İlham Əliyev tərəfindən bu
siyasət uğurla davam etdirilir. Gənclərin təhsil alması, məşğulluğu, sosial
rifahının yüksəldilməsi, innovasiya və sahibkarlıq sahəsində təşəbbüslərinin
dəstəklənməsi dövlət proqramları vasitəsilə sistemli şəkildə həyata keçirilir.
Gənclər Fondunun fəaliyyəti, “ASAN xidmət”, könüllülük hərəkatları və
beynəlxalq arenada Azərbaycan gənclərinin uğurları bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev bildirmişdir ki, indiki gənclər üçün imkanlar təbii ki,
daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər: “Biz azad ölkədə
yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz
haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz
gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum
xeyir vermək üçün fəal olmalıdırlar”.
Bu gün Azərbaycan gəncliyi müasir biliklərə
yiyələnən, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda qlobal dünyaya
inteqrasiya edən dinamik bir təbəqədir. Onlar elmdə, mədəniyyətdə, idmanda,
informasiya texnologiyalarında və dövlət idarəçiliyində ölkəmizi layiqincə
təmsil edirlər. Müasir dövrdə müharibələr təkcə cəbhə xəttində aparılmır.
Silahların səsi ilə yanaşı, informasiya məkanında da amansız mübarizə gedir.
Xüsusilə sosial şəbəkələrin, rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir
zamanda informasiya müharibəsi real döyüş meydanı qədər həlledici rol oynayır.
2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan bu sahədə də mühüm
üstünlük qazandı və bu qələbənin əsas aparıcı qüvvələrindən biri məhz
Azərbaycan gəncliyi oldu.
Vətən müharibəsi dövründə düşmən tərəf illərlə
formalaşdırdığı saxta narrativləri, dezinformasiyaları və təbliğat maşınını işə
salmağa çalışsa da, bu cəhdlər Azərbaycan gəncliyinin fəallığı, çevikliyi və
müasir texnologiyalardan səmərəli istifadəsi sayəsində iflasa uğradı. Sosial
şəbəkələrdə – “Twitter (X)”, “Facebook”, “Instagram”, “YouTube” və digər
platformalarda gənclərimiz operativ şəkildə faktlara əsaslanan məlumatlar
paylaşaraq yalan xəbərləri ifşa etdilər.
Gənclər informasiya müharibəsində təkcə
emosional çağırışlarla deyil, sübutlara, beynəlxalq hüquqa, rəsmi mənbələrə və
real görüntülərə əsaslanan məzmunla çıxış etdilər. Bu isə paylaşılan
məlumatların etibarlılığını və təsir gücünü əhəmiyyətli dərəcədə artırdı.
İnformasiya müharibəsinin ən mühüm cəhətlərindən biri də onun sərhəd
tanımamasıdır. Bu dövrdə təkcə Azərbaycanda yaşayan gənclər deyil, dünyanın
müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı da bu mübarizəyə könüllü
şəkildə qoşuldu. ABŞ, Avropa ölkələri, Türkiyə, Rusiya və digər regionlarda
yaşayan gənclər sosial şəbəkələrdə eyni məqsəd ətrafında birləşərək
Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bu təşəbbüslər
mərkəzləşdirilmiş göstərişlə deyil, milli məsuliyyət hissindən irəli gələrək,
spontan və könüllü şəkildə formalaşdı. Məhz bu birlik və koordinasiyalı
fəaliyyət nəticəsində Azərbaycan informasiya məkanında sistemli və güclü mövqe
qazandı.
İnformasiya müharibəsində qələbənin əsas
şərtlərindən biri sürət, digəri isə təsirlilikdir. Azərbaycan gəncliyi hər iki
üstünlüyü təmin edə bildi. Operativ paylaşımlar, düzgün həştəqlər, çoxdilli
məzmunlar, qrafiklər, videolar və canlı yayımlar vasitəsilə informasiya axını
effektiv şəkildə idarə olundu. Əsasən gənclərdən ibarət sosial şəbəkə
istifadəçiləri paylaşılan məlumatların həqiqiliyinə xüsusi diqqət yetirir,
rəsmi mənbələrə istinad edir və yanlış məlumatların qarşısını vaxtında
alırdılar. Bu isə beynəlxalq auditoriyanın etimadını qazanmaq baxımından mühüm
rol oynadı.
Vətən müharibəsi dövründə Azərbaycan təkcə
hərbi və siyasi sahədə deyil, informasiya müharibəsində də qələbə qazandı. Bu
qələbənin əsas memarlarından biri isə ön cəbhədə fədakarlıqla mübarizə aparan
Azərbaycan gəncliyi oldu. Onlar sübut etdilər ki, müasir dövrdə vətənə xidmət
təkcə silahla deyil, informasiya ilə, biliklə və həqiqətlə də mümkündür.
Azərbaycan gəncliyi bu şərəfli missiyanı layiqincə yerinə yetirərək tarixə
informasiya cəbhəsinin qalibləri kimi düşdü. 44 günlük Vətən müharibəsində
gənclərin göstərdiyi şücaət və vətənpərvərlik ruhu isə Azərbaycan gəncliyinin
milli məsuliyyət hissinin ən parlaq göstəricilərindən biri oldu.
2 Fevral –
Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, həm də gənclərin cəmiyyətdəki
rolunun, dövlət tərəfindən onlara göstərilən etimadın rəmzidir. Bu əlamətdar
gün Azərbaycan gəncliyini daha böyük uğurlara ruhlandırır, onları ölkənin
inkişafında fəal iştirak etməyə səsləyir. Güclü gənclik – güclü dövlət deməkdir
və Azərbaycan bu prinsipə əsaslanaraq gələcəyə inamla addımlayır.
Səyavuş Qasımov
Avrasiya
Universitetinin rektoru,
siyasi elmlər üzrə
fəlsəfə doktoru, dosent