30 may 2025-ci il tarixində İsmayıllı rayonunda Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Gənc
mütəxəssislər – gələcəyə addım” layihəsinin icrası baş tutub.
Tədbiri giriş sözü ilə
açan birliyin sədri və layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin məqsədi
region gənclərini düzgün peşə-ixtisas seçimi barədə maarifləndirmək, onların təhsil
və karyera inkişafına dəstək olmaqdır. O vurğulayıb ki, gənclərin peşə seçiminə
təsir edən valideyn və müəllimlərin də məlumatlılığının artırılması, bu istiqamətdə
məktəblərdə təhsil və məlumat şəbəkələşməsinin gücləndirilməsi vacibdir.
Tədbirdə Karyera və
İnkişaf Mərkəzinin əməkdaşı, təlimçi Tacəddin İbadov çıxış edərək qeyd edib ki,
peşə seçimi insan həyatında ən mühüm qərarlardandır. Bu seçim təkcə dolanışıq
deyil, həm də özünüifadə vasitəsidir. İnsanlar ilk seçimlərini ətrafdakılara
baxaraq edirlər, lakin hər zaman sevdikləri peşə uğur gətirməyə bilər. Bəzən
prestijli və sevilən peşələr arasında ciddi fərqlər olur. Gənclərin bu mərhələdə
"Mən kim olmalıyam?" sualına cavab axtarması vacibdir. Tacəddin
İbadov iki yanaşmadan bəhs edib: bir qisim insanlar tək yol seçərək səhv etməməyə
çalışır, digərləri isə öz potensialını və maraqlarını analiz edərək yolunu müəyyənləşdirir.
Bu suallar şəxsiyyətin formalaşmasında və özünü dərk etməsində mühüm rol
oynayır.