Xalq artisti Flora Kərimova illərdir mübarizə apardığı məsələnin ədalətli nəticələnməsi ilə bağlı açıqlama verib. O, savadsız həkimlərə və səhiyyədəki saxtakarlıqlara qarşı apardığı mübarizənin bir mərhələsinin uğurla tamamlandığını bildirib.
"Bu, haqq qələbəsidir. Bu, dürüstlüyün qələbəsidir. Və bu qələbə düşünürəm ki, çox adamın sağlamlığının təminatı olacaq. Neçə illərdir mən savadsız həkimlərlə mübarizə aparıram və nəhayət, nəticə əldə olundu. Şükür Allaha!" – deyə sənətkar vurğulayıb.
O, konkret ad çəkmədən, səhiyyədə baş verən saxtakarlıqlara işarə edərək, bu məsələnin ictimaiyyətə çatdırılmasında əməyi keçən hər kəsə təşəkkür edib:
"Mənim haqq səsimi eşidib, inanıb, ictimaiyyətə çatdıran hər kəsə minnətdaram. Bu işin buraya qədər gəlməsində vəkillərim, jurnalistlər, hüquq-mühafizə orqanları böyük rol oynayıb. Xüsusilə, ictimailəşdirmədə əməyi olan insanlara təşəkkür edirəm."
Flora Kərimova bildirir ki, hələ də mübarizəsi davam edir və Ali Məhkəmənin bu işə ədalətli yanaşacağına ümid edir:
"Mən bu problemdən əl çəkməyəcəyəm. Ali Məhkəmənin bu işə vicdanla baxacağına inanıram. Əgər mən – vətənimdə nüfuz sahibi olan, səsini ucaldan bir insan bu haqsızlıqla qarşılaşıramsa, görün adi vətəndaşlar nə çəkir? Bu sistemdə dəyişikliyə ehtiyac var!"
Xalq artistinin bu sərt açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. O, səhiyyədəki neqativ hallara qarşı mübarizəsini davam etdirəcəyini bəyan edib.