"Regionda hazırkı geosiyasi vəziyyəti təhlil edərkən, Ermənistan və Azərbaycan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Əsas diqqətçəkən məqam Türkiyə kimi güclü bir oyunçunun mövqeyidir."
Milli Məclisin deputatı Tural Gəncəliyev bunu News365.az-a şərh edib.
"Türkiyə 1987-ci ildən, hətta ondan da əvvəl, Avropa İttifaqı adlanmazdan öncə Avropa İqtisadi Cəmiyyətinin üzvü olmaq istəyən bir ölkə kimi gözləyir. Ermənistanın Avropa İttifaqına daxil ediləcəyi ilə bağlı iddialar isə sadəcə Ermənistan cəmiyyətinin və xalqının aldadılmasından başqa bir şey deyil.
Keçmiş Sovet İttifaqına daxil olan ölkələrdən üçü – Ukrayna, Moldova və Gürcüstan artıq Avropa İttifaqına üzv olmaq üçün rəsmi müraciət edib. Ukrayna və Moldovaya namizəd statusu verildiyi halda, Gürcüstana yalnız “Avropa perspektivi” adı altında bir status təqdim edilib ki, bu da daha aşağı səviyyəli bir yanaşmadır.
Türkiyə isə 30-40, hətta 50 ildir Avropa İttifaqına üzv olmaq istəyir, lakin bu məsələ hələ də həll olunmayıb. Əgər Avropa İttifaqının əsas məqsədi qitənin sərhədlərini genişləndirmək və yeni ölkələri öz tərkibinə qəbul etməkdirsə, Türkiyəni kənarda saxlayaraq, Cənubi Qafqazda Ermənistanın ittifaqa üzv qəbul edilməsi absurddur və mümkün deyil.
Avropa İttifaqının son zamanlar üzvlüklə bağlı siyasəti sadəcə “kökə və çubuq” prinsipinə əsaslanır. Bir tərəfdən perspektiv göstərilir, digər tərəfdən isə cəzalandırma və manipulyasiya vasitələri işə salınır."