Sentyabrın 29 – da Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində çap edilmiş “Ermənistanın toponimik cinayətləri” adlı kitabın təqdimatı keçirilib.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.
Təqdimatda
çıxış edən layihə rəhbəri, “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları
Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev layihənin əsas məqsədinin Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o
cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı
həyata keçirdiyi cinayətlərin araşdırılması, müxtəlif
vasitələrlə yerli və xarici ictimaiyyətə çatdırılması, mövzu üzrə yeni
informasiya bazasının yaradılması olduğunu bildirmişdir. O əlavə etmişdir ki,
layihə çərçivəsində çap olunmuş kitab tarixi Qərbi Azərbaycan ərazisində
yaşamış aborigen azərbaycanlı əhalinin fiziki və maddi-mədəni izlərinin silinməsi
istiqamətində Ermənistan Respublikası tərəfindən həyata keçirilən sistemli
siyasətin mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir. Nurəddin Mehdiyev
bildirmişdir ki, Qərbi Azərbaycan ərazisində zaman-zaman xalqımıza qarşı ermənilər
tərəfindən həyata keçirilən kütləvi qırğınlar, soyqırımları, deportasiyalar,
maddi-mədəni irsimizə qarşı həyata keçirilən vandallıqlar haqqında bir sıra
kitabların müəllifi olan Nazim Mustafanın oxuculara təqdim edilən yeni kitabı
onun əvvəllər də araşdırdığı toponimlərimizlə bağlı tədqiqatlarının son dövrün
məlumatları əsasında qələmə aldığı ümümiləşdirici əsər kimi ərsəyə gəlmişdir.
“Ermənistanın
toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim
Mustafa çıxışında kitabda Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin
köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata
keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik
erməni dövlətinin yaranması prosesi və digər məsələlərin şərh edildiyini, Qərbi
Azərbaycanın etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və
fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd
etmişdir.
Ktabda Ermənistanda
daşnakların hakimiyyəti dövründən başlamış, Sovet hakimiyyəti illərində və müstəqil
Ermənistan Respublikası ərazisində Azərbaycan toponimlərinə qarşı mərhələ-mərhələ
həyata keçirilən linqivistik soyqırımı siyasəti ayrıca təhlil edilir.
Oxuculara təqdim edilən bu kitabda son məlumatlar əsasında Ermənistan Respublikası ərazisində adları dəyişdirilmiş azərbaycanlılara məxsus 717 inzibati-ərazi vahidinin əlifba sırası ilə siyahısı ilk dəfə təqdim edilir. Həmin siyahı tərtib edilərkən müəllif 1988-ci ildə İrəvanda sonuncu dəfə çap edilən "Ermənistan SSR-in inzibati-ərazi bölgüsü. 1988-ci ilə avqustun 1-nə olan məlumat" kitabına, müstəqillik əldə edilənədək adların dəyişdirilməsi ilə bağlı verilən Ermənistan SSR Ali sovetinin fərmanlarına, Ermənistanın Müstəqil Dövlətlər Birliyinə üzv olmasından sonra həmin qurumun müvafiq strukturuna adların dətişdirilməsi ilə bağlı təqdim etdiyi siyahılara və 2008-ci ildə İrəvanda erməni dilində çap edilən "Ermənistan Respublikasının yaşayış məntəqələrinin lüğəti" kitabına əsaslanmışdır.Nazim Mustafanın "Ermənistanın toponimik cinayətləri" kitabında ilk dəfə olaraq Ermənistanın 1991-ci ildən sonra işğal etdiyi Azərbaycan ərazisində yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası"nın qondarma "Ali Məclisi" tərəfindən həyata keçirilən toponimik cinayətlər haqqında məlumatlar ayrıca bölmə şəklində təqdim edilir.Kitabın əlavələr bölməsində indiki Ermənistanda azərbaycanlılara məxsus olmuş və adları dəyişdirilmiş yaşayış məskənlərinin, məntəqələrinin siyahıları və əyanilik üçün 6 xəritə təqdim edilir.
Təqdimatda mütəxəssislər, tədqiqatçılar, QHT rəhbərləri, gənc tədqiqatçılar çıxış edərək kitab haqqında fikirlərini bildirmişlər. Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin iştirakı ilə müzakirə olunmuşdur. Tədbirdə poliqrafiya, çap məhsulları təqdimat iştirakçılarına paylanmışdır. Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.