Fransanın Azərbaycana qarşı ikili standartlardan çıxış edən siyasətinin gündəmdən düşməsi, əslində, regionda yeni reallıqların nəticəsidir.
Bu fikirləri politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Fransa yaxşı anlayır ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması təkcə region üçün deyil, həm də Ermənistanın gələcəyi baxımından həyati əhəmiyyət daşıyır:
“Fransa, Rusiya, İran və Hindistanın Ermənistana dəstəyi, əslində, bu ölkənin mövqeyini gücləndirmir. Əksinə, Ermənistan üçün əlavə sosial və siyasi yük yaradır. Ermənistan isə başa düşür ki, normallaşma prosesi həm özünün, həm də Fransanın maraqlarına cavab verir”.
Politoloq qeyd edib ki, Azərbaycanın gələcəkdə Fransaya qarşı zidd mövqe sərgiləməsi halında Parisin yenidən aqressiv siyasətə qayıtması mümkündür:
“44 günlük Vətən müharibəsində Fransanın göstərdiyi mövqe, Paris meriyasının Qarabağla bağlı qəbul etdiyi qərarlar, hətta Fransa baş nazirinin Ermənistana dəstəyi buna sübutdur”.
Taleh Əliyevin sözlərinə görə, Ermənistan hazırda tarixində dönüş mərhələsini yaşayır:
“İran, Hindistan və Rusiya ilə üçtərəfli əməkdaşlıqlarını davam etdirən Ermənistan, eyni zamanda, ənənəvi müttəfiqlərini tam itirmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Çünki bu keçid dövründə Ermənistan üçün əsas çıxış yolu qonşuları ilə əməkdaşlıq etməkdir”.