Bu gün Azərbaycan musiqisinin görkəmli simalarından Üzeyir Hacıbəylinin doğum günüdür. Dünyaya gəlişindən 140, dünyadan gedişindən isə 77 il keçən böyük bəstəkar və musiqişünas, Azərbaycan musiqisinin inkişafında misilsiz iz buraxmış bir şəxs kimi yad olunur.
Jurnalist Famil Cəfərli öz Facebook səhifəsində yazıb ki, Üzeyir Hacıbəyli düşündüyümüzdən də nəhəng bir şəxs olub. O, erməni bəstəkarı Aram Xaçaturyanı Azərbaycandan didərgin salması ilə də tarixə düşüb. Cəfərlinin yazdığına görə, Üzeyir bəyin assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində belə qeyd olunur:
“Bir gün Mərkəzi Komitədən tapşırıq gəlir ki, Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura onu təsdiqləsin. Professor-müəllim heyəti yığışıb Xaçaturyanın simfoniyasını dinləyir. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr başlayır. Hamı toplaşır. Xaçaturyan baş tərəfdə oturdulur. Üzeyir bəy sözə başlayır: ‘Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə, çalğıya başlayıb-başlamadığını tamaşaçı yox, heç müəllif özü də hiss edə bilməz’”.
Otaqda dərin sükut çökür. Xaçaturyan isə portfelini götürüb heç nə demədən otaqdan çıxır və bu onun Azərbaycandan son gedişi olur.
Famil Cəfərli vurğulayıb ki, bu gün Üzeyir Hacıbəylinin əməyi və musiqi irsi sonsuz ehtiramla yad edilir və onun zəngin irsi heç zaman unudulmayacaq.