Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-yə işgüzar səfəri çərçivəsində Türkiyə ilə əlaqələrə dair verdiyi açıqlamalar bölgədəki siyasi münasibətlərə yeni bir baxış açısı gətirir.
Paşinyan Ermənistan və Türkiyə arasındakı dialoqun daha əvvəl heç vaxt bu qədər fəal olmadığını vurğulayaraq, iki ölkə arasında davamlı əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün konkret addımların atılmasının vacibliyini bildirib. Müzakirələr regiondakı sülh və sabitlik məsələlərinin həlli istiqamətində atılacaq növbəti addımların əhəmiyyətini ortaya qoyur. Lakin, ekspertlər bu dialoqun yalnız qarşılıqlı etimad və bərabərhüquqlu yanaşmalar əsasında mümkünsüz olduğunu qeyd edirlər.
Ermənistan və Türkiyə arasındakı dialoqun gələcəyi necə olacaq? Hər iki ölkə arasında uzunmüddətli sülh və əməkdaşlıq qurulması mümkündürmü?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını siyasi şərhçi Vasif Əfəndiyev cavablandırıb. Onun sözlərinə görə, Nikol Paşinyan və ondan öncəki bütün erməni liderlər Türkiyə ilə isti münasibətlərə hər zaman can atıblar. Lakin bu münasibətləri bərabərhüquqlu şəkildə qurmaq niyyətləri olmayıb:
"Kiçik və zəif ölkənin özündən dəfələrlə böyük, nüfuzlu bir dövlətlə münasibətlər qurarkən qarşı tərəfdən həm onun təhlükəsizliyinə qarantiya, həm də normal iqtisadi münasibətlər istəyirsə, bununla paralel açıq-aşkar qarşı tərəfə ərazi və saxta "soyqırım" iddiasından əl çəkmirsə, bunun adı həyasızlıqdır. Ola bilsin, bu gün Paşinyan özündən əvvəlki prezidentlərdən fərqli olaraq bu iddialardan imtina etmək niyyətində olsun. Ancaq dünya erməniliyi və Fransa kimi əxlaqsız siyasət yürüdən havadarları buna qarşı çıxırlar".
Vasif Əfəndiyev: Proseslərdən ziyan görən tərəf Ermənistan olacaq
Eskpertin fikrincə, Ermənistanı daim qonşularına qarşı çıxmağa körükləyən Fransa İrəvana sözdə dəstək versə də, 44 günlük müharibədə "quyruğunu qısıb" hadisələrin nəticələrini gözlədi, bundan sonra da belə olacaq. Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanın birmənalı olaraq qonşu dövlətlərə qarşı "həyasız" iddialardan əl çəkmədiyi müddətcə ikili münasibətlərin normallaşması formal xarakter daşıyacaq:
"Əlbəttə, bundan yalnız Ermənistan ziyan görəcək. Məhz bu tərsliyin və "başından yuxarı tullanmaq" iddialarının nəticəsidir ki, Ermənistan 30 ildən artıq müddətdə regionun ayağından asılmış daşa çevrilib. Ermənistanın bölgədəki fəaliyyətinin nəticəsində Gürcüstan və Azərbaycan dolayısı yolla Rusiyanın təzyiqləri ilə üzləşirlər. Bu kənar təzyiqlər də inkişafın qarşısını alan amillərdəndir".
Müsahibimiz vurğulayıb ki, Paşinyanın sülh müqaviləsinin gerçəkləşməsini ləngidən “bəzi nüansların olmasını" deməsi hələ də normal münasibətlərin qurulmasına hazır olmadıqları anlamına gəlir:
"Paşinyan çox gözəl anlayır ki, saxta “soyqırım” iddiasından əl çəkməsələr, heç bir ciddi sülhdən danışmaq mümkün olmayacaq. Baş nazir öz növbəsində qismən sülhə hazır olduğunu, lakin erməni cəmiyyətinin mane olacağını işarə edir. Bu isə bizim problemimiz deyil. Zəhmət çəksinlər, erməniləri başa salsınlar. Əks halda, bu qarışıq dünyada Ermənistan ən yaxşı halda qonşu dövlətlərdən birinin əyalətinə çevriləcək".