Ermənistan lideri yeni “uğur hekayələrindən” danışdı

Ermənistan lideri yeni “uğur hekayələrindən” danışdı
11:25

Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülhün artıq bərqərar olduğunu bildirib.

News365.az xəbər verir ki, o, bu barədə “Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxış edib.

Paşinyan çıxışında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərdə “uğur hekayələri” artıq formalaşıb. Onun sözlərinə görə, bu prosesin təməli 2024-cü ildə sərhədlərin demarkasiyası ilə qoyulub.

Baş nazirin tapşırığı ilə Ermənistanın dövlət qurumları, ictimai və siyasi nümayəndələr, ziyalılar və diaspor üzvləri demarkasiya olunmuş ərazilərə səfərlər ediblər. Paşinyan bildirib ki, bu addımlar qarşı tərəfdən heç bir mənfi reaksiya ilə qarşılanmayıb:

“Azərbaycan tərəfi bizim təşəbbüslərimizə bir dəfə də olsun mənfi münasibət göstərməyib. Bu da göstərir ki, sülh gündəmimiz artıq işlək vəziyyətdədir.”

Erməni lider həmçinin iki ölkənin Demarkasiya Komissiyaları arasında imzalanmış Əsasnaməni “ilk beynəlxalq sənəd” kimi dəyərləndirib. O vurğulayıb ki, həmin sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsi əsas prinsip kimi qəbul edilib — bu da qarşılıqlı ərazi bütövlüyünün tanınması deməkdir.

Paşinyan çıxışında Vaşinqtonda keçirilən sülh sammitini də mühüm dönüş nöqtəsi adlandırıb. Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də imzalanan Vaşinqton Bəyannaməsi və sülh sazişinin paraflanması Ermənistan–Azərbaycan münasibətlərini tamamilə yeni mərhələyə çıxarıb:

“Vaşinqton Bəyannaməsi ilə iki ölkə arasında sülh rəsmi şəkildə təsbit olundu. Bu, Cənubi Qafqazda sabitliyin əsasını təşkil edir.”

Qeyd edək ki, “Orbeli Forumu” hər il Cənubi Qafqazda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya mövzularına həsr olunur. Bu ilki forumda regional kommunikasiya layihələri və yeni diplomatik təşəbbüslər əsas müzakirə mövzuları olub.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada