“Əməkhaqqı islahatı şəffaflığı artırdı” - Mikayıl Cabbarov

“Əməkhaqqı islahatı şəffaflığı artırdı” - Mikayıl Cabbarov
13:58

“Son 7 il ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 58,3%-dən 70,2%-ə yüksəlib”. 

News365.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib. Həmin illər ərzində qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58,3%-dən cari ilin son tarixinə 70,2%-ə yüksəlib. Son 7 ildə ÜDM-in real həcmi 1,4 dəfə böyüyüb. 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə böyüyüb”, - nazir qeyd edib.

***

Mikayıl Cabbarov əlavə edib ki, 2018-ci illə müqayisədə cari ildə qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb: “2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb. Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlib. 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57% nəzərdə tutulub.

2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb. 

Əməkhaqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib”.


Sizin reklam burada
Sizin reklam burada