Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənli isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunublar.
Dövlət başçısı həmin gün yeni başçıları qəbul edib, bir sıra tapşırıqlar verib. Əsas tapşırıq isə xalqa xidmət və qanunsuzluq etməmək barədə olub.
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib ki, ölkədə görülən işlərə qiymət verilərkən əsas meyar məhz vətəndaş məmnunluğudur:
“Əsas tapşırıqlar ondan ibarət idi ki, xalqa ləyaqətlə xidmət edin, təyin edildiyiniz bölgələrdə xalqın içində olun, onların problemlərinə biganə qalmayın. Prezident dedi ki, elə çalışın ki, vətəndaş məmnunluğu formalaşsın, işinizə verilən qiymətdə də əsas meyar budur.
Dövlət başçısı çıxışında qeyd etdi ki, bəzi icra başçıları təəssüf ki, tapşırıqları lazımi səviyyədə yerinə yetirməyiblər və onları hansı taleyin gözlədiyi bəllidir. Onlar rüşvət, korrupsiya yolunu tutublar və öz ciblərinin gözü ilə fəaliyyətlərini qiymətləndiriblər. Onların hansı aqibətlə üzləşəcəkləri də bəllidir. Ona görə də xalqa ləyaqətlə xidmət etmək lazımdır”.
E.Nəsirov söyləyib ki, Prezident bəzi icra başçılarının üzərlərinə qoyulan tapşırıqları yerinə yetirmədiklərini, korrupsiya və rüşvətə yol verdiklərini də xüsusi vurğulayıb:
“Dövlət başçısı eyni zamanda, vurğuladı ki, elə hallar da var ki, bəzi icra başçıları mərkəzə əyləşən məmurlardan qanunsuz tapşırıqlar alıblar. Prezident çıxışında da bildirdi ki, belələri bu gün məhkəmə qarşısındadır və hərəkətlərinə görə cavab verirlər. Bu gün istintaq davam edir. Dövlət başçısı konkret ad çəkmədi, ola bilsin ki, bu, həm də istintaq davam etdiyinə görə idi. İstintaqın öz tələbləri var. Amma istənilən halda, bu gün rüşvət alan, korrupsiya ilə məşğul olan, dövlətə və dövlətçiliyə xəyanət edən hər bir şəxs sabah istintaqda adı hallananların sırasına qoşula bilər”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışı bütün mərkəzi icra orqanları nümayəndələri üçün ciddi xəbərdarlıq xarakteri daşıyır:
“Bu, həm də bütün mərkəzi hakimiyyət nümayəndələrinə bir xəbərdarlıq idi ki, hər kəs özünü yığışdırsın və dövlətə, xalqa ləyaqətlə xidmət göstərsin”.
Milli Məclisin üzvü yeni təyinatlarla bağlı da fikirlərini bölüşüb:
“Yeni təyin olunan şəxslər arasında şəxsən tanıdığım bir neçə nəfər var. Məsələn, Göyçay icra başçı Natiq bəyi tanıyıram, mən əvvəl Göyçayın deputatı olmuşam. Mən onu təmiz adam kimi tanıyıram. Göyçay rayonu ilə əlaqələrim var, vətəndaşlar da onun haqqında yüksək fikirlər səsləndirirlər. Kürdəmir icra başçısı haqqında da müsbət fikirlər söyləyə bilərəm. Onu tədbirlərdə görmüşəm, tanıyıram. Eyni zamanda, başqaları da onun haqqında müsbət fikirlər səsləndirirlər”.
Gədəbəyin icra başçısı ilə bağlı vaxtilə mətbuatda yayılan tənqidi fikirlərin düzgün olmadığını deyən E.Nəsirov onun işgüzar və bacarıqlı kadr olduğunu bildirib:
“Gədəbəyin icra başçısı ilə bağlı zamanında mətbuatda bəzi tənqidi fikirlər səsləndirilmişdi, amma inanın ki, bu düzgün deyildi. Mən onu da çox yaxşı tanıyıram. Əslində, məsələni dərindən araşdırsaq görərik ki, o, çox işgüzar və bacarıqlı kadrdır. O, polisin fəaliyyətini yüksək qiymətləndirmişdi, hesab etmişdi ki, polis hər birimizi qoruyur. Onun həmin fikirlərini götürüb kontekstdən çıxararaq əllərində bayraq etmişdilər.
Məgər o düz demirdi?! Biz tez-tez xarici ölkələrdə oluruq və oradakı vəziyyəti gösrürük. Məsələn, mən Belçikada olanda söylədilər ki, saat 22:00-dan sonra siz və həmkarlarınız küçədə qalmayın, çünki hər şey ola bilər. O boyda Avropa İttifaqı və NATO-nun mənzil qərargahı olan bir şəhərdə - Brüsseldə 22:00-dan sonra gəzmək təhlükəlidir. Lakin Azərbaycanda gecə səhərə qədər şəhərdə gəzə bilərsən, heç bir təhlükə də yoxdur. Bu mövzuda bizim asayiş keşikçilərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu işi ləyaqətlə icra edirlər. Bu baxımdan, hesab edirəm ki, Gədəbəyin icra başçısının dedikləri çox düzgündür. İndi həmin şəxs Göyçaya icra başçısı gəlib və haqqında fikirlərim müsbətdir”. /// Yeni Sabah