Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi istiqamətində yeni marşrutların bu sistemə inteqrasiyası daşımaların sürəti və səmərəliliyinə təsir göstərə bilər. İqtisadçı ekspert Emin Qəribli hesab edir ki, TRİPP-in Transxəzər dəhlizinə qoşulması bu baxımdan mühüm nəticələr verə bilər.
Ekspert News365.az-a açıqlamasında bildirib ki, TRİPP-in dəhlizin tərkib hissəsinə çevrilməsi marşrutun daha çevik və çoxşaxəli fəaliyyət göstərməsinə şərait yarada bilər.
Onun fikrincə, belə bir inteqrasiya daşınma məsafəsinin və vaxtının azalmasına, bununla da şirkətlərin logistika xərclərinin daha səmərəli təşkilinə imkan verə bilər.
Emin Qəribli hesab edir ki, layihənin reallaşdırılması üçün marşrut üzərində yerləşən və prosesdə maraqlı olan ölkələrin birgə səyləri vacibdir.
“Bu məsələdə Mərkəzi Asiya ölkələrinin də üzərinə mühüm vəzifələr düşür. Layihə nə qədər tez həyata keçirilərsə, marşrutun səmərəliliyi və qlobal iqtisadiyyatda əhəmiyyəti də bir o qədər arta bilər. Tələbat kifayət qədər yüksəkdir. Daşınma imkanlarının genişlənməsi isə bu marşrut üzrə daha böyük həcmdə məhsulun daşınmasına şərait yaradacaq”, – deyə ekspert vurğulayıb.