Şimali Koreya lideri Kim Çen Un və Belarusiya Prezidenti Aleksandr Lukaşenko arasında Pxenyan şəhərində keçirilən rəsmi görüş maraqlı anlarla yadda qalıb. İki ölkə arasında ilk dəfə dövlət başçısı səviyyəsində baş tutan bu səfər zamanı tərəflər bir-birinə simvolik və strateji əhəmiyyətli hədiyyələr təqdim ediblər.
News365.az xəbər verir ki, görüşün ən diqqətçəkən məqamı hədiyyə mübadiləsi zamanı yaşanıb. Aleksandr Lukaşenko Kim Çen Una Belarus istehsalı olan VSK avtomatı, məşhur Slutsk kəməri, şokoladlar və araq hədiyyə edib.

Silahı böyük maraqla qarşılayan Şimali Koreya lideri, avtomatı əlinə alaraq onun hədəf alma mexanizmini yoxlayıb, sürgüsünü çəkib və tətiyi basaraq silahı dərindən nəzərdən keçirib. Lukaşenko Kim Çen Unun silahla rəftarını tərifləyərək:
"Siz silahlardan peşəkarcasına istifadə edirsiniz. Əgər düşmənlər hücum edərsə, bu silahdan istifadə edə bilərsiniz," - deyə zarafat edib.
Kim Çen Un bu sözlərə yüksək səslə gülərək qarşılıq verib və hədiyyəyə görə təşəkkürünü bildirib. Belarus lideri ölkəsinin silah və sursat istehsalı potensialı ilə də fəxr etdiyini vurğulayıb.
Lukaşenko təkcə dövlət başçısına deyil, onun ailə üzvlərinə də hədiyyələr gətirib: Şimali Koreya liderinin varisi kimi görünən qızı üçün xüsusi zərgərlik qutusunda broş hədiyyə edilib. Kim Çen Unun xanımına Belarusu simvolizə edən qızıl işləməli çiçək təqdim olunub. Buna cavab olaraq Kim Çen Un qonağına bəzəkli qın içərisində süvari qılıncı, Lukaşenkonun səfəri şərəfinə zərb edilmiş xüsusi qızıl sikkə və prezidentin portreti həkk olunmuş gül vazası bağışlayıb.


