Dövlət Sirri: Nədir və yayılmasına görə hansı cəzalar tətbiq olunur?

Dövlət Sirri: Nədir və yayılmasına görə hansı cəzalar tətbiq olunur?
18:23

Hərbi ekspert Ədalət Verdiyev dövlət sirrini yaydığına görə həbs edilib.

Xəbər verdiyimiz kimi, dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edildi. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Ekspertin işğaldan azad edilmiş rayonlardan birində hərbi infrastrukturu görüntüləyərək yayımlaması onun həbsinə səbəb olub.

Dövlət sirri nədir və yayılmasına görə hansı cəzalar nəzərdə tutulur?

Vəkil Emil Aslanovun sözlərinə görə, dövlət sirrini yaymaq cinayət əməlidir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən:

Dövlət sirrini vəzifəsinə uyğun olaraq əldə etmiş şəxslərin məlumatları yayması 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər.

Əgər bu cinayət ağır nəticələrə səbəb olarsa, həmin şəxs müəyyən vəzifə tutma hüququndan mərhum edilməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Dövlət sirri hər bir dövlət qurumunda xüsusi qaydalarla qorunur. Millət vəkili Arzu Nağıyev qeyd edir ki, dövlət sirrinin bilərəkdən və ya bilməyərəkdən yayılması, həmçinin onun kiməsə ötürülməsi dövlətin təhlükəsizliyinə ciddi zərər vura bilər.

Təklif: Dövlət sirri haqqında maarifləndirmə artırılsın

Polisə Dəstək İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev hesab edir ki, dövlət sirri ilə bağlı qanunların öyrənilməsi üçün daha çox maarifləndirmə işləri aparılmalıdır.

Dövlət sirri – dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, yayılması ölkənin təhlükəsizliyinə ciddi təhlükə yaradan məlumatlardan ibarətdir. Dövlət təhlükəsizliyinin təmin edilməsi üçün bu məlumatların qorunması xüsusi əhəmiyyət kəsb edir.




Youtube kanalımız

Oxşar xəbərlər