Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Azərbaycan
Respublikasının Kino Agentliyi (ARKA) və Bakı Baş Mədəniyyət İdarəsinin dəstəyi
ilə “Milli Kino” layihəsini davam etdirir. Layihə çərçivəsində Yasamal rayon
Heydər Əliyev Mərkəzində ermənilərin tarixi yurd yerlərimizdə soydaşlarımıza
qarşı törətdiyi düşmənçilik siyasətindən bəhs edən “Doğma torpaq” tammetrajlı
bədii filmi nümayiş etdirilib.
“Narimanfilm” kinostudiyasının istehsalı olan “Doğma torpaq”
filmi Azərbaycanın yaxın tarixinin üç mühüm mərhələsini canlandırır. Bunlar
Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulması, birinci
Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun Vətən Müharibəsindəki
böyük Zəfəridir.
Bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat,
prodüseri Nəriman Məmmədovdur. Baş rolları aktyor Rüstəm Cəbrayılov və Alina
Vorontsova (Rusiya) ifa edirlər. Aktyor heyəti Azərbaycanın Xalq artistləri Hacı
İsmayılov, Məbud Məhərrəmov, aktyorlar Orxan Abbasov, Azər Aydəmir, Qorqud
Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov,
Əminə Abbasova və başqalarından ibarətdir.
“Doğma torpaq” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib. Ekran
əsərinin çəkilişlərində “PASHA Holding”, “United Alliance group”, “Gazelli
Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy
Club” və İTV iştirak edib. Çəkilişlər Qobustan, Quba, Bərdə, Zaqatala, Qax
rayonlarında, Bakı və Şuşa şəhərlərində gerçəkləşdirilib.
Məlumat üçün onu da bildirək ki, “Doğma torpaq” işğaldan azad olunmuş Şuşa şəhərində çəkilmiş ilk bədii filmdir.