Son dövrlərdə dietlərin yalnız fiziki deyil, psixoloji təsirləri də geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə sosial mühitdə bədən çəkisi ilə bağlı formalaşan təzyiqlərin insanların davranış və düşüncə tərzinə təsiri diqqət çəkir.
News365.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda bu mövzuya aydınlıq gətirib.
Mütəxəssis bildirib ki, ətrafdan gələn çəkilə bağlı iradlar hər zaman diet asılılığına səbəb olmasa da, bu təsir daha çox qadınlarda özünü göstərir. Onun sözlərinə görə, qadınlar zahiri görünüşlə əlaqədar sosial gözləntilərə daha həssas reaksiya verirlər.
Emin Məmmədov vurğulayıb ki, diet ümumilikdə zərərli anlayış deyil. Lakin dietə meyilli şəxslərdə zamanla psixoloji asılılıq formalaşa bilər. Belə hallarda insan arıqladıqda özünü dəyərli və uğurlu, çəki artımı zamanı isə özünü günahkar və bacarıqsız hiss etməyə başlayır ki, bu da “psixoloji döngə”nin yaranmasına səbəb olur.
Onun sözlərinə görə, bu cür düşüncə tərzi davam etdikdə təşviş, narahatlıq və emosional gərginlik artır, insan tez əsəbiləşir. Uzun müddət qidalanma məhdudiyyətləri isə diqqətin zəifləməsinə, iş və ya təhsil prosesində məhsuldarlığın azalmasına yol aça bilər.
Qastroenteroloq qeyd edib ki, praktikada bəzən pasiyentlər günün böyük hissəsini yalnız arıqlama haqqında düşünməklə keçirirlər. Bu isə dietin artıq sağlam qidalanma rejimi deyil, psixoloji təzyiq vasitəsinə çevrildiyini göstərir. Belə vəziyyətlərdə yalnız dietoloq məsləhəti kifayət etmir, psixoloq və ya nevroloqun dəstəyi də zəruri ola bilər.
Mütəxəssis sonda diet mövzusuna ehtiyatla yanaşmağı, xüsusilə də sosial basqı altında qərar verməməyin vacibliyini diqqətə çatdırıb.
News365.az