"Bakı Metropoliteni"nin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının tətbiq edilməsi gələcəkdə nəzərdə tutula bilər. Differensial ödəniş üsulu məsəfayə görə ödəniş, həmçinin müxtəlif həssas qruplara güzəştlərin edilməsi kimi yenilikləri özündə ehtiva edir. Bu haqda "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məsələni şərh edən Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi ki, bunu yanlış hesab edir:
"Bu, mürəkkəb bir sistemdir və bunu həll etmək də olduqca böyük texniki imkanların tətbiqini tələb edir. Bu isə əlavə maliyyə vəsaitidir. "Bakı Metropoliteni" o qədər çoxşaxəli, şəbəkəvi metropoliten deyil ki, üç-dörd xətt olsun və birindən düşüb o birinə keçəsən. Məsələn, İstanbul metrosunda bunu tətbiq etmək mümkündür. Çünki bir xətdən o birinə keçəndə artıq yeni ödəniş etmək tələb olunur. Amma bizdə belə mürəkkəb şəbəkə yoxdur. Metro stansiyaları arasında da məsafə o qədər uzaq məsafə sayılmır. Ona görə də məncə, yeni bir Amerika ixtira etməyə ehtiyac yoxdur".
Millət vəkilinin sözlərinə görə, sadəcə müxtəlif həssas kateqoriyaya aid olan insanlar üçün güzəştlər nəzərdə tutulmalıdır.
"Amma problemi bu cür çətinləşdirmək doğru deyil. Onsuz da vətəndaşların ictimai nəqliyyatda metro və qatardan başqa daha çox istifadə etdiyi avtobuslardır. Avtobusların da öz çətinlikləri var. Ona görə də metro prioritet ictimai nəqliyyat vasitəsi kimi qalmaqda davam edir.
Metro məsələsində vətəndaşa daha çox həssaslıq göstərilməlidir. Çünki bu həssaslıq bütövlükdə insanların həm əsəbi, həm də müəyyən dərəcədə vaxt itkisi ilə bağlı problemləri həll etmək üçün vacibdir. Hətta Türkiyədə və başqa ölkələrdə müəyyən bayram günlərində pulsuz istifadə də nəzərdə tutulur. Məncə, bu cür vətəndaşlara arada jestlərin edilməsi də yaxşı olardı", - deyə komitə sədri bildirdi./// Redaktor.az