"Telegram"ın həmtəsisçisi Pavel Durovun fəaliyyəti terrora kömək etmək ittihamı ilə açılmış cinayət işi çərçivəsində araşdırılır.
News365.az xəbər verir ki , bu barədə "Rossiyskaya qazeta"nın saytında Rusiya FTX-nin materiallarına əsaslanan məqalədə deyilir.
Qeyd olunur ki, "Telegram"ın baş direktoru Pavel Durovun fəaliyyəti Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə kömək) üzrə cinayət işi çərçivəsində araşdırılır. Bildirilir ki, 2022-ci ildən platforma vasitəsilə törədilən qeydə alınmış cinayətlərin sayı 153 mini ötüb, onlardan 33 mini partlayışların təşkili, hərbi komissarlıqlara qəsdən yanğın hücumları, qətllər və digər təxribat-terror xarakterli cinayətlərdir.
Məqaləyə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) 475 planlaşdırılan terror aktının qarşısını alıb, o cümlədən məktəblərdə yeniyetmələrin hazırladığı 61 kütləvi qətl cəhdini də əlavə etmək olar. Həmçinin qeyd olunur ki, 2024-cü ilin martında "Crocus City Hall"da baş verən terror aktı da mesajlaşma tətbiqi üzərindən əlaqələndirilib. Hücumlar nəticəsində Darya Dugina, Maksim Fomin və general-leytenant İqor Kirillov da daxil olmaqla bir sıra şəxslərin həlak olduğu vurğulanır. İddia edilir ki, hücumları planlaşdıranlar "Telegram" vasitəsilə onların qohumları, marşrutları və gündəlik fəaliyyəti barədə məlumat toplayıblar, həmçinin Rusiya hərbçilərinin ailələrinə qarşı təxminən 700 təhdid qeydə alınıb.
Bundan başqa, son illərdə "Roskomnadzor" rəsmi kanallarla qanunsuz məzmunun silinməsi tələbi ilə Durovun komandasına 150 mindən çox sorğu göndərsə də, müraciətlərin cavabsız qaldığı bildirilir.