İnsan tarix boyu iki səssiz qüvvə arasında yaşayıb: daxildən gələn səs və kənardan gələn baxış. Bu baxış bəzən görünmür, amma hökmü ağırdır. O, nə qanundur, nə də açıq qadağa – lakin çox vaxt insanın taleyini məhz o müəyyən edir. İnsan bir qərar verməzdən əvvəl tərəddüd edirsə, çox zaman səbəb bilmədiyi bir qorxudur: görünmək, mühakimə olunmaq, qəbul edilməmək qorxusu. Fəlsəfədə bu hal yeni deyil. Ekzistensialist düşünürlər deyirdi ki, insan azad doğulur, amma bu azadlıqdan qaçır. Çünki azadlıq məsuliyyət tələb edir. Məsuliyyət isə qorxudur. Ona görə də insan çox vaxt seçimi öz üzərinə götürmək əvəzinə, onu görünməz şəkildə cəmiyyətə ötürür. Beləliklə, o artıq qərar vermir – sadəcə uyğunlaşır. Bu qəribə bir paradoks yaradır: insan özünü qorumaq üçün başqasının qəlibinə girir, amma məhz bu zaman özünü itirir. Fəlsəfədə buna “özündən uzaqlaşma” deyilir. İnsan zahirən yaşayır, amma daxilən sanki iştirak etmir.
Uşaqlıqdan etibarən insan “qiymətləndirilmə” ilə tanış olur: valideynin tərifi, müəllimin iradı, qohumun müqayisəsi. Bu reaksiyalar beyində iz buraxır və zamanla insanın daxilində bir “müşahidəçi” formalaşır. Bu müşahidəçi daim soruşur: “Bu addımım necə görünəcək?” Sosial psixologiyada aparılan məşhur təcrübələr göstərib ki, insanlar hətta açıq-aşkar səhv olan fikirlə belə razılaşa bilir, sadəcə çoxluğun fikrinə uyğunlaşmaq üçün. Bu o deməkdir ki, insan üçün “doğru olmaq”dan daha güclü olan şey “kənarlaşdırılmamaq”dır. Digər bir psixoloji anlayış – “spotlight effekti” – göstərir ki, insanlar özlərinin başqaları tərəfindən həddindən artıq izlənildiyini düşünür. Halbuki reallıqda hər kəs daha çox özü ilə məşğuldur. Yəni insanın qorxduğu “baxış” çox vaxt onun öz beyninin yaratdığı illüziyadır. İslam dinində isə məsələ daha fərqli istiqamətdə qoyulur. Orada insanın dəyəri onun zahiri görünüşü ilə deyil, niyyəti ilə ölçülür. Yəni əsas sual budur ki, sən bunu kim üçün edirsən? Bir çox hədislərdə riyakarlıq – yəni başqalarının gözü üçün yaşamaq – ən təhlükəli hallardan biri kimi təqdim olunur. Çünki bu zaman insan artıq həqiqəti yox, təsiri seçir. Bu isə daxili parçalanma yaradır: zahirdə bir insan, daxilində başqa bir insan. Əsl azadlıq burada başlayır: insan başqasının baxışından deyil, öz vicdanından qorxanda. Bu çox incə, amma köklü bir dəyişiklikdir. Çünki o zaman insanın meyarı dəyişir – artıq o, görünmək yox, doğru olmaq istəyir. Tarixə baxsaq, görərik ki, bu problem yeni deyil, amma forması dəyişib. Keçmiş cəmiyyətlərdə kollektiv həyat daha güclü idi. Kəndlərdə, tayfalarda fərd demək olar ki, kollektivin içində əriyirdi. Orada fərqli olmaq təhlükəli idi, çünki fərqlilik çox vaxt kənarlaşdırılma ilə nəticələnirdi. Amma zaman keçdikcə, xüsusilə maarifçilik dövründən sonra fərd anlayışı güclənməyə başladı. İnsanlar öz seçimlərinin məsuliyyətini daşımağa daha çox meylləndi. Bununla belə, köhnə düşüncə tam yox olmadı – sadəcə formasını dəyişdi. Bu gün artıq açıq qadağalar azdır, amma gizli gözləntilər hələ də yaşayır.
Bugünkü insan iki dünyanın arasında qalıb. Bir tərəfdə fərdi azadlıq ideyası var, digər tərəfdə isə sosial qəbul olunma ehtiyacı. Bu iki qüvvə toqquşanda insan çox vaxt kompromis edir – amma bu kompromis bəzən onun özündən verdiyi ən böyük güzəşt olur. Maraqlıdır ki, insan başqalarının fikrini nəzərə aldıqca, onların gözündə daha çox qəbul olunacağını düşünür. Amma əksər hallarda insanlar məhz özünə sadiq olanlara hörmət edir. Yəni paradoks yenə ortaya çıxır: qəbul olunmaq üçün uyğunlaşan insan görünməz olur, özünü ifadə edən insan isə yadda qalır. İnsan həyatının ən dərin suallarından biri budur ki, mən kiməm – başqalarının gördüyü, yoxsa özümün hiss etdiyim?. Bu sualın cavabı asan deyil. Çünki o, təkcə düşüncə ilə deyil, cəsarətlə bağlıdır. Özünü seçmək hər zaman rahat deyil. Bəzən bu anlaşılmamaq, tənqid olunmaq, hətta tək qalmaq deməkdir. Amma əvəzində insan ən vacib şeyi qazanır: daxili bütövlük. Sonda insan başa düşür ki, həyat səhnə deyil. O, tamaşa üçün yox, yaşamaq üçündür. Və insan yalnız o zaman həqiqətən yaşayır ki, onun qərarları qorxu ilə yox, şüurla verilir.
Həsən Nağıyev, filosof