Youtubda yayımlanan, ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olmuşdu.
Əlbətdə, gərək bir az ssenaridə redaktələr ola idi, lakin buna görə Buzvona sakinlərinin, xüsusilə ağsaqqalarının təhdidləri, səs küyləri, aktyorlara olan təyziqlər və sosial mediada ardıcıl təhqirlərin olmasına baxıb təəssüflənirəm.
Əziz
Buzovna ağsaqqaları, bilirsiniz kəndiniz ən qədim ərazilərdən biridir. Tarixin bütün dövrlərində kənd barədə məlumata rast gələ bilərik. Azərbaycanda Buzovna kimi qədim abidələr, mədəni irs nünumləri qədər və tarixi yerlər qədər bol olan kəndlər azdır.
Bəziləri qorunsa da, əziz Ağsaqqalar dağılmaqda olan, diqqətdən kənar qalan bəzi yerlərin adlarını Sizlərə xatırladıram.
*Bakının Buzovna qəsəbəsində bizim eradan əvvəl III əsrə aid edilən Hun qəbiristanlığı da baxımsızdır. Düzdür, burada eramızdan əvvəlki qəbirlər hələ sovet hakimiyyəti illərində dağıdılıb, amma başqa qədim məzarlar qalmaqdadır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Qeyd edim ki, bununla bağlı vaxtilə müraciət də etmişəm:
https://adalet.az/.../alim-nazire-muraciet-etdi-1653469376 *Buzovna qəsəbəsində yerləşən təməli 1902-ci ildə qoyulmuş ikigümbəzli Cabayev hamamı. Şərq memarlığı üslubunda tikilmiş hamam hazırda zibilliyi xatırladır. Hazırda qapısı olmayan hamamı zibilliyə çevirməsinlər deyə, qapı yerini taxta parçaları ilə bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib Buzvona sakinləri.
* Təhməzbəyov hamamı. Hamam Bakının Buzovna qəsəbəsində yerləşir. İnşa tarixi XIX əsrə aiddir. Abidə yerli camaat arasında, həmçinin Təhməzbəyov hamamı kimi tanınır. 20 ildən çoxdur ki, tarixi abidə baxımsız vəziyyətdədir. Arxitektur quruluşa malik tarixi tikili 19-cu əsrdə inşa edilib. Hamam öz fəaliyyətini 1989-cu ilə qədər davam etdirib.
* Bakı şəhərinin rəmzi olan Buzovna qayalarının dağılır. Buzovna Qayalığı Dövlət Təbiət Abidəsi ərazisində məlumat lövhəsi və davranış qaydalarına dair nişanlar yerləşdirilib. Lakin buna baxmayaraq qayalar öz tarixi görkəmini itirimək üzrədir.
* 19-cu əsrin sonlarında tikilən daha bir hamam isə Məşədi Qərib hamamı olub. Hamamı sahibkar və xeyriyyəçi Qərib Heybət oğlu tikdiribmiş. Buzovnalıların istifadəsi üçün tikdirilmiş ev hamamı imiş. Hanı indi onun tarixi əhəmiyyəti? Yoxdur daha.
Hələ hamamlar, qədim məhəllər, qədim türk məbədi, qədim alban kilsəsi , bulaq və sairə barədə yazmıram.
Əziz Buzovna ağsaqqaları sizcə bir cümlə təhlükəlidir yoxsa tarixin, babalarımızın bizə miras qoyduğu abidələr, tikililər və mədəniyyət yerlərinin dağılması?
Bütün kənd olaraq birləşib, başda Sizlər olmaqla bir cümlə filmdən çıxarmaq daha önəmlidir yoxsa Buzovna kimi tarixi bir kəndin babalarından qalan yadigarını qorumaq?
Birlik olub kənddə olan abidə, bir mədəni irsi qorumaq, xilas etmək, bərpa etmək kəndin adını daha uca uca edər, yoxsa bir cümlənin çıxarılması?
Sizə hörmətlə Dr.Zaur Əliyev