Avropa Mərkəzi
Bankının prezidenti Kristin Laqard açıq şəkildə deyir ki, hazırkı geosiyasi vəziyyət
səbəbindən əvvəlki iqtisadi proqnozların bir hissəsi artıq aktuallığını itirib
və mart ayındakı iclasda yeni ssenarilər hazırlanacaq.
Başqa sözlə,
dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki, artıq ən güclü
analitik mərkəzlər belə əvvəlki hesablamalara tam arxayın ola bilmirlər.
Məsələ ilə bağlı News365.az-a danışan
iqtisadçı Eldəniz Əmirov deyir ki, bu, çox vacib bir etirafdır:
“Çünki
iqtisadi proqnoz normal şəraitdə müəyyən xəta payı ilə işləyir. Məsələn, ÜDM və
ya inflyasiya proqnozlarında 1-3 faiz bəndi səviyyəsində sapma adi sayılır, bəzi
hallarda bu fərq 5 faiz bəndinə qədər çata bilər. Amma indiki qlobal şəraitdə məsələ
artıq sadəcə statistik xəta deyil, bütöv ssenarilərin dəyişməsi səviyyəsinə gəlib
çatır.
Məhz buna
görə mən həmişə 3 illik, 5 illik iqtisadi proqnozlara ehtiyatla yanaşıram.
Dünyada müharibələr, enerji şokları və siyasi qərarlar bir neçə ay ərzində
iqtisadi mənzərəni kökündən dəyişə bilir.
Əgər Avropa
İttifaqının ən yüksək maliyyə qurumunun rəhbəri belə etiraf edirsə ki, birillik
proqnozlar belə tez-tez yenilənməyə məcbur qalır, deməli bugünkü qlobal
iqtisadiyyat əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən sistem deyil.
Bu şəraitdə ən
real yanaşma uzunmüddətli “dəqiq rəqəmlər”dən çox, müxtəlif ssenarilər üzərində
düşünməkdir. Çünki artıq rəqəmlərin özü yox, qeyri-müəyyənliyin idarə olunması əsas
iqtisadi bacarıqa çevrilib”.
News365.az