“Biz sərhədlərimiz xaricindəki soydaşlarımızın taleyinə biganə qala bilmərik”- Politoloqdan şərh

“Biz sərhədlərimiz xaricindəki soydaşlarımızın taleyinə biganə qala bilmərik”- Politoloqdan şərh
14:07

İsrail ilə İran arasında davam edən hərbi gərginlik tədricən daha geniş miqyas alır və bu münaqişənin acı nəticələri artıq mülki əhalini də əhatə edir. Xüsusilə İsrailin hərbi əməliyyatları zaman-zaman İranın şimal-qərb bölgələrinə – əsasən etnik azərbaycanlıların yaşadığı ərazilərə də yönəlir. Bu isə regionda yaşayan soydaşlarımız üçün ciddi təhlükə riski yaradır.

Azərbaycan dövləti bu proseslərə biganə qalmır. Rəsmi Bakı, diplomatik kanallar vasitəsilə İsrail tərəfinə mülki əhalinin və azərbaycanlıların yaşadığı ərazilərin hədəfə alınmaması ilə bağlı ciddi narahatlıq mesajları ötürüb. Prezident İlham Əliyevin daha əvvəl Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında səsləndirdiyi "Biz sərhədlərimiz xaricindəki soydaşlarımızın taleyinə biganə qala bilmərik" fikri bu gün daha da aktuallıq qazanır.

Azərbaycan bu məsələ ilə bağlı açıq və kəskin bəyanatlar verməkdən çəkinir. Bunun səbəbi rəsmi Bakının həm İran, həm də İsraillə münasibətlərdə balanslı və praqmatik mövqe sərgiləməsidir. Əgər Azərbaycan bu məsələdə daha sərt və ictimai şəkildə mövqe bildirsəydi, bu, İran tərəfindən daxildəki azərbaycanlılara yönəlmiş təzyiqin artmasına səbəb ola bilərdi. Bu səbəbdən də Azərbaycan dövlətinin bu həssas məsələyə yanaşması həm milli maraqlara uyğun, həm də strateji baxımdan düşünülmüş şəkildə qurulub.

Digər tərəfdən, Azərbaycan ilə İsrail arasında formalaşmış dərin strateji əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq təkcə hərbi və təhlükəsizlik sahələri ilə məhdudlaşmır, həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sektorlarını əhatə edir. Bu əlaqələri zədələmədən, eyni zamanda soydaşlarımızın təhlükəsizliyi məsələsində prinsipial mövqeni qorumaq Azərbaycan diplomatiyasının uğurudur.

Nəticə etibarilə, rəsmi Bakı mürəkkəb regional kontekstdə həm milli təhlükəsizlik, həm də humanitar məsuliyyət baxımından tarazlaşdırılmış siyasət yürüdür. İrandakı azərbaycanlıların təhlükəsizliyi Azərbaycanın dövlətçilik maraqlarının tərkib hissəsidir və bu məsələ yalnız etnik bağlılıq yox, həm də milli məsuliyyət kontekstində qiymətləndirilir.

Politoloq Turan Rzayev


Sizin reklam burada
Sizin reklam burada