Gözləyirdik ki, Kreml Xuntası nəhayət ki, öz şər əməllərini səngidib, bir az qonşuluq siyasətinə yönəlmək yolunu tutar. Yəni anlayar ki, belə cinayətkar davranışla bütün dünyada özünə nifrət qazandırmaqdan başqa heç nə əldə edə bilməz. Amma hər gün gözləntilərimizin əksi baş verir və rus təbliğat maşını bütün gücüylə əleyhimizə yönəlir. Anlaşılandır. Cəhənnəmə gedən həmişə özünə yoldaş axtarar. Azərbaycan əleyhinə təbliğatı
sosial şəbəkələrdən və teleməkandan rəsmi tribunalara daşımaq siyasəti də məhz bununla bağlıdır.
Dövlət Dumasından Zatulin və bu xarakterli yaramazlar, eləcə də Rusiya XİN-dən Lavrov və Zaxarova hələ də İmperiya düşüncəsi mövqeyindən danışırlarsa, biz öz istiqamətimizi hansı yöndə seçdiyimizi dəqiqləşdirməli, qonşuluq siyasətinə xələl gətirmədən yolumuza davam etməliyik.
Maraqlıdır, Azərbaycanda Rusiyanın qanlı imperialist siyasətinin tərəfdarları da yetərincədir və bu zümrə ölkənin gələcəyi üçün böyük təhlükədir. Ən çox da Şanxay Əməkdaşlıq Təşkilatının son toplantısından sonra bir çoxları əməlli-başlı cuşa gəlib, Rusiya sevdasına yoluxublar. Yəni, bu toplantıda Çin, Rusiya və Hindistanın özünü yeni güc mərkəzi kimi təqdim etmək manevri heç vaxt mümkün görünməyən bir blefdir. Bəli, Çin narahatdır və gələcəkdə növbəti həmlənin ona yönələ biləcəyini anlayır. Amma bu gün Çinin əsas bazar alıcıları Rusiya və Hindistan deyil, Qərb dövlətləri və ABŞ-dir. Belə bir vəziyyətdə Çin Rusiyanın yanında yer ala bilməz və bu addım intihara bərabərdir.
Anlamaq olmur, Azərbaycandakı Rusiya pərəstişkarları nəyə əsaslanıb belə mövqe tuturlar? Bəşəri düşüncə, yeni və ədalətli düşüncə tərzi, başqalarına hörmət, inkişaf baxımından rusların yaşantısında heç nə yoxdur. Üstəlik, hər gün söyülüb təhqir edilən, hədələnən bizlər boyunduruq həsrətimi çəkirik.
Mən milli düşüncə adamıyam. Ölkədə fəaliyyətdə olan heç bir siyasi zümrəylə ünsiyyətim və qarşılıqlı rəğbətim yoxdur. Qərbin və ya Şərqin yalan mərhəmətinə könül verib özünü itirəcək qədər sadəlövh də deyiləm. Düşünürəm ki, 20 Yanvar, Xocalı, Tərtər, Gəncə, Tovuz faciələrinin üstündən keçib, onun memarına rəğbətdə olmaq, öz soyuna tüpürmək anlamına gəlir. Doğrudur, ölkədə hökm sürən məmur özbaşınalığının sərhədsizliyi insanlarda özünə inamı zədələyir, amma düşmənə meyllənmək haqqı vermir. Sosial şəbəkələrdə Ukraynadakı bəlalara tamaşa edib, “yaşasın Rusiya” yazan azərbaycanlı görəsən, Xocalı faciəsinin kadrlarına baxanda nə düşünür? Bax, hamımız bu suallarla qarşılaşmamaq üçün Vətənimizi bütün sevdalardan öndə tutmalıyıq. Çünki Vətən bazar malı deyil və hərraca çıxarılmır. Özünü hərraca çıxaranlar, belə oyunları gedib elə Rusiyada oynasınlar…
Vətən məsələsi müqəddəs məsələdir. Hər kəs bu sevdanın işığına tapınsın ki, biz kimliyimizi və tərəfimizi tanıya bilək. Tanrı Azərbaycanımızı və Vətən sevdalı insanlarımızı qorusun!