“Bəzi konservlər sağlamlıq üçün real təhdid yaradır” – Eyyub Hüseynovdan xəbərdarlıq

“Bəzi konservlər sağlamlıq üçün real təhdid yaradır” – Eyyub Hüseynovdan xəbərdarlıq
07 İyn 2025 14:51

Bir çox insanın gündəlik qida rasionunda yer alan konservləşdirilmiş məhsullar, xüsusilə də ət və balıq konservləri həm dadlı, həm də tez hazırlanması ilə seçilir. Lakin bu rahatlıq bəzən sağlamlıq bahasına başa gələ bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu mövzuda News365.az -a danışıb. 

Ekspert bildirib ki, xüsusilə balıq konservləri ciddi zəhərlənmə riski daşıyır:

"İnsanlar bilməlidirlər ki, bəzi konservləşdirilmiş qidalar, xüsusilə balıq əsaslı olanlar zərərli və təhlükəli ola bilər. Qapağı şişmiş konservlər qətiyyən istehlak edilməməlidir, çünki bunlar botulizm kimi ciddi xəstəliklərə yol aça bilər".

Eyyub Hüseynovun sözlərinə görə, son dövrlərdə xaricdən gətirilən konservlərlə bağlı şikayətlər artıb:
"İstehlakçılar tez-tez bildirirlər ki, xarici məhsulların içindən xoşagəlməz və hətta qəbuledilməz şeylər çıxır. Bəziləri deyir ki, konservin içində heyvanın yeli və ya digər yad cisimlər aşkarlanıb".

O, yerli məhsullara üstünlük verilməsini tövsiyə edir:
"Mən hər zaman vətəndaşlarımıza yerli istehsal olan konservləri seçməyi tövsiyə edirəm. Yerli məhsulların saxlanma müddəti daha qısa olsa da, bu onların daha az kimyəvi maddə ilə hazırlanması deməkdir və bu da sağlamlıq üçün daha təhlükəsizdir".

Qeyd edək ki, konservləşdirilmiş məhsullar tez xarab olmur və uzun müddət saxlanması ilə praktiklik qazansa da, onların düzgün istehsal və saxlama şəraitində olmaması ciddi fəsadlara yol aça bilər.


Sizin reklam burada
Sizin reklam burada