Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib
18:36

Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycana ekstradisiya edilib.

News365.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Əliyev Rauf Rüstəm oğlu və Əhmədov Natiq İntiqam oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatətlər müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.

Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Əliyev Rauf Rüstəm oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Əhmədov Natiq İntiqam oğlunun isə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onların istintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rauf Əliyev Rusiya Federasiyasının, Natiq Əhmədov isə Qazaxıstan Respublikasının ərazisində saxlanılıb.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.


Sizin reklam burada
Sizin reklam burada