Belarus Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri Su-30SM2 çoxməqsədli qırıcılarının yeni partiyasını qəbul edib. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"Su-30SM2 təyyarələrinin partiyası Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin aerodromlarından birinə çatıb", - nazirliyin məlumatında deyilir.
Bəyanatda təhvil verilən təyyarələrin dəqiq sayı barədə məlumat verilmir. Mütəxəssislərin fikrincə, bu, iki təyyarə ola bilər. Çünki bu rəqəm bu tip qırıcıların əvvəlki tədarüklərinə və İrkutsk Aviasiya Zavodunda təyyarə istehsalının ümumi sürətinə uyğundur.
Belarus Respublikası Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-mayor Andrey Lukyanoviçin sözlərinə görə, belaruslu pilotlar artıq Rusiya Federasiyasının mərkəzlərindən birində yenidən hazırlıq keçiblər. Yeni təyyarə tezliklə döyüş növbətçiliyinə keçəcək.
Qeyd edək ki, Belarus Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri ümumilikdə 12 ədəd Su-30SM/Su-30SM2 qırıcısı qəbul etməlidir. 2024-cü ilə qədər ən azı dörd belə təyyarə alınıb.
Tural