“Baş verən insidentlərin səbəbkarı Rusiyadır"- Vüqar İskəndərov

“Baş verən insidentlərin səbəbkarı Rusiyadır"- Vüqar İskəndərov
01 Avq 2025 14:28

“Baş verən insidentlərin səbəbkarı Rusiyadır".

Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiyada azərbaycanlılara qarşı baş verən son hadisələri News365.az-a şərh edərək bildirib ki, bu insidentlərin əsas səbəbkarı Rusiyanın özüdür.

Deputatın sözlərinə görə, proseslərin başlanğıcı Azərbaycanın hava məkanına məxsus üç təyyarəsinin Rusiya ilə sərhəddə vurulması ilə əlaqəlidir. Bu insidentdən sonra bir sıra ciddi hadisələr yaşanıb:

“Hadisələrin xronologiyasına baxsaq, görərik ki, Azərbaycanın media və dövlət orqanlarına qarşı baş verən kiber hücumlar sonradan Rusiya tərəfindən həyata keçirildiyi məlum oldu. Ardınca bir sıra xırda, lakin diqqətçəkən insidentlər və nəhayət, azərbaycanlı həmvətənlərimizin qəddarcasına qətlə yetirilməsi baş verdi.”

Vüqar İskəndərov qeyd edib ki, Rusiya bu hadisələr qarşısında susqun mövqe nümayiş etdirib, hətta bəzi hallarda vəziyyəti daha da gərginləşdirib: “Biz gözləyirdik ki, Kremlin bu hadisələrlə bağlı əyalətlərdə və vilayətlərdə qanun çərçivəsində tədbirlər görülməsi üçün göstərişləri olacaq. Təəssüf ki, əksinə, Rusiyanın daha sonra nümayiş etdirdiyi mövqe göstərdi ki, bu ölkə hazırda ciddi daxili idarəetmə problemləri yaşayır.”

Deputat əlavə edib ki, Rusiyada baş verən proseslərə diqqətlə nəzər yetirdikdə, bir növ sistemsizlik, mərkəzdən qeyri-rəsmi tapşırıqlarla idarəetmə görüntüsü müşahidə olunur: “Sanki haradansa verilən göstərişlərlə hadisələr idarə edilir və bu da onu göstərir ki, Rusiya daxilində idarəetmə sistemi ciddi şəkildə pozulub.”


Sizin reklam burada
Sizin reklam burada