Bakı Trampın Qəzza təşəbbüsünə qoşuldu – səbəblər AÇIQLANDI

Bakı Trampın Qəzza təşəbbüsünə qoşuldu – səbəblər AÇIQLANDI
15:38

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması məqsədilə yaratdığı Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul edib.

News365.az xəbər verir ki, politoloq Turan Rzayev bu məsələ ilə bağlı saytımıza açıqlamasında Azərbaycanın sözügedən Şurada təsisçi üzv kimi iştirakının bir neçə mühüm səbəbi olduğunu bildirib.

Onun sözlərinə görə, Bakı bu təşəbbüsü hərbi və ya blok xarakterli qurum kimi deyil, Qəzzanın bərpası və idarə olunmasına yönəlmiş mexanizm kimi dəyərləndirib. Politoloq qeyd edib ki, Azərbaycan üçün əsas məqam prosesin mahiyyətidir. O xatırladıb ki, Azərbaycan daha əvvəl BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı təqdim etdiyi qətnaməni dəstəkləsə də, bölgəyə hərbi kontingent göndərməkdən imtina edib.

Turan Rzayev vurğulayıb ki, Azərbaycan son illər beynəlxalq arenada post-münaqişə təcrübəsinə malik, neytral və konstruktiv aktor kimi tanınıb. Bu cür platformalarda iştirak Bakıya həm siyasi prestij, həm də praktiki təcrübə baxımından əhəmiyyətli imkanlar yaradır.

Politoloqun fikrincə, ikinci mühüm məqam Azərbaycanın Vaşinqtonla münasibətlərə verdiyi xüsusi önəmlə bağlıdır. Donald Trampın şəxsi təşəbbüslərinə yaxın olmaq ölkəmiz üçün ABŞ paytaxtında əlavə siyasi manevr imkanları formalaşdıra bilər. Bu baxımdan, Azərbaycan təklifi həm təşəbbüsün mahiyyətinə görə, həm də gələcək diplomatik balansı qorumaq və proseslərdən kənarda qalmamaq məqsədilə qəbul edib.

Üçüncü amil kimi isə politoloq Qəzza məsələsinin Azərbaycanın xarici siyasətində prioritet istiqamət olmasa da, diqqətlə izlənilən mövzulardan biri olduğunu qeyd edib. Onun sözlərinə görə, bu məsələ həm İslam coğrafiyası, həm də Türkiyə kontekstində Bakı üçün əhəmiyyət daşıyır. Rzayev əlavə edib ki, Türkiyə mətbuatında səsləndirilən bəzi iddiaların əksinə olaraq, Azərbaycan Fələstin–Qəzza məsələsinə biganə yanaşmır və müttəfiqi Türkiyənin prioritet hesab etdiyi bu mövzuya müttəfiqlik münasibətləri çərçivəsində diqqət göstərir.



Sizin reklam burada
Sizin reklam burada