Biz
tez-tez özümüzə sual veririk: dünya azərbaycanlılarını bir araya gətirən nədir?
Fərqli ölkələr, fərqli dillər, fərqli həyat tərzləri… Amma buna baxmayaraq,
bizi tək bir məqsəd ətrafında birləşdirən güclü bir bağ
var: Həmrəylik! Hər il dekabrın 31-də biz gənclər bu bağın dəyərini
daha dərindən hiss edirik. Bu gün bizim üçün sadəcə bir bayram deyil, milli
ruhun zəfər çaldığı gündür. Bu həmrəylik ruhunu əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan, bu gün də cənab prezident İlham Əliyevin uğurla
davam etdirdiyi siyasətdə tapırıq.
Ulu Öndər Heydər Əliyev həmişə vurğulayıb ki, “Xalq yalnız birlik və həmrəylik içində
güclüdür.” Bu fikrin mahiyyəti çox dərindir. XX əsrin sonlarında Sovet
İttifaqının dağılma prosesləri baş verərkən, dünyanın müxtəlif guşələrinə
səpələnmiş milyonlarla azərbaycanlı tarixi əlaqələrini itirmək təhlükəsi ilə
üz-üzə qalmışdı. Məhz həmin dönəmdə Ulu Öndər Heydər Əliyev
böyük uzaqgörənlik nümayiş etdirərək, dünya azərbaycanlılarını vahid ideya
ətrafında birləşdirmək təşəbbüsü ilə çıxış etdi. Bu ideya Həmrəylik Gününü
yaratmaqla öz praktiki ifadəsini tapdı və bu gün hər bir azərbaycanlı üçün
milli qürur mənbəyidir.
Biz gənclər Ümummilli liderHeydər Əliyevin
irsini yalnız tarixi yaddaş kimi deyil, gələcəyə baxışımızın əsas istiqaməti
kimi qəbul edirik. Onun ideyaları bizə öyrədir ki, kökümüzdən qopmadan, müasir
dünyada öz yerimizi qorumalıyıq.
Cənab İlham Əliyev isə Ulu Öndərin başladığı
bu milli missiyanı qətiyyətlə davam etdirir. O deyir: “Azərbaycanın qüdrəti
yalnız onun sərhədləri daxilində deyil, xaricdə yaşayan hər bir azərbaycanlının
iradəsi və milli mənsubiyyətini qoruması ilə ölçülür.” Bu, bir daha göstərir
ki, dünya azərbaycanlılarının həmrəyliyi təkcə emosional deyil, həm də siyasi
və mədəni gücdür.
Ulu Öndər Heydər
Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri biz gənclərin həyatında
bir şüara çevrilib. Biz də fəxr edirik ki, belə zəngin tarixə, güclü lidere və
vətənpərvər xalqa sahibik. Həmrəylik bizim üçün sadəcə bir ideya deyil – bu,
gələcəyə baxışımızdır!
Ümummilli
lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranmasının
təşəbbüskarı olaraq bu bayramın əsas mahiyyətini belə ifadə edirdi:“Biz
hamımız – dünyanın harasında yaşamağımızdan asılı olmayaraq – azərbaycanlıyıq. Bizim
gücümüz birlikdədir. Xalqımızın parlaq gələcəyi bu həmrəyliyə bağlıdır.”Onun
uzaqgörən siyasəti sayəsində dünya azərbaycanlılarının vahid milli maraqlar
ətrafında birləşməsi üçün ilkin əsaslar yaradıldı. O, xaricdə yaşayan
soydaşlarımızın Azərbaycan dövlətçiliyini, milli dəyərlərimizi və
mədəniyyətimizi qorumasını xüsusi əhəmiyyətli vəzifə kimi görürdü.
Cənab
Prezident İlham Əliyev Ulu Öndərin irsini qətiyyətlə davam etdirərək, Dünya
Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətini həm milli, həm də beynəlxalq
səviyyədə artırdı. O vurğulayıb:“Dünya azərbaycanlılarının həmrəyliyi bizim
milli gücümüzün göstəricisidir. Həmrəyliyimiz bizi bir millət kimi daha da
möhkəmləndirir və gələcəyimizə inamla baxmağa imkan verir.” Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporunun fəaliyyəti daha da
genişləndirildi. Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi, diaspor
təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq arenada
Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi bu siyasətin əsas nailiyyətləridir.
Prezident İlham Əliyev bildirir ki, xaricdə yaşayan soydaşlarımızın milli
maraqları qorumaları və Azərbaycanla əlaqələrini gücləndirmələri milli
həmrəyliyimizin əsas sütunlarından biridir:“Dünya azərbaycanlılarının gücü
birlikdədir. Azərbaycan Respublikasının müstəqilliyi və uğurları hər bir
azərbaycanlının qürur mənbəyidir.”
Prezident İlham Əliyev vurğulayır ki, dünyanın
harasında yaşamamızdan asılı olmayaraq, bizi bir millət edən Azərbaycançılıq
ruhudur:“Dünya azərbaycanlılarının həmrəyliyi bizim milli gücümüzün əsas
göstəricisidir. Bu birlik bizi daha da güclü edir və qarşıda duran hədəflərə
çatmağımızı təmin edir.”Bu fikir biz gənclərə həmrəylik anlayışını təkcə
tarixdən gələn dəyər deyil, gələcəyimiz
üçün mühüm bir prinsip kimi öyrədir. Prezident
İlham Əliyevin nitqində biz gənclər üçün verilən əsas mesajlardan biri də
budur: hər bir azərbaycanlı yaşadığı ölkədə Vətənini təmsil etməli, milli
maraqları müdafiə etməli və Azərbaycan adına layiqli vətəndaş olmalıdır.
Prezident
İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın həmrəyliyini Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsində əsas faktor kimi qiymətləndirir:“Azərbaycan
diasporu həmrəyliyimizin əsas sütunlarından biridir. Bu birlik beynəlxalq
səviyyədə ölkəmizin maraqlarını müdafiə etməyə imkan yaradır.”Bu fikir
mühüm bir mesajdır: fərqli ölkələrdə yaşasaq belə, diaspor təşkilatları
vasitəsilə birliyimizi nümayiş etdirməli, Azərbaycan adını dünyada ucalara
qaldırmalıyıq. Prezident İlham Əliyevin nitqləri bizə bir həqiqəti xatırladır:
birlik bizim kimliyimizin təməlidir. Hər birimiz yaşadığımız ölkədən asılı
olmayaraq, Azərbaycançılıq ideyasını yaşatmalı, həmrəyliyi gündəlik həyatımızda
hiss etməli və onu ətrafımıza yaymalıyıq.
2024-cü ilin 25 dekabrı. Soyuq
qış günü, amma daha soyuq bir xəbər ölkəmizi dərin yasa qərq etdi. Azərbaycan
Hava Yollarına məxsus J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən
“Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş
cəhdi zamanı qəzaya uğradı. Xəzər dənizi üzərindən “SOS” siqnalı göndərilən an,
yalnız o təyyarədəki 62 sərnişin və 5 ekipaj üzvü üçün deyil, bütün Azərbaycan
üçün zaman dayandı. Faciənin miqyası dəhşətli idi. Təyyarədəki insanların
taleyi millətin gözləri önündə qaranlığa qərq oldu. Dekabrın 26-da Azərbaycanda
matəm elan edildi. Bütün ölkə dərd içində birləşdi, insanların duaları səmaya
yüksəldi.
Moskva,
İstanbul, New York, Berlin, London, Dubay – harada bir azərbaycanlı vardısa, bu
xəbər onların evində işıqları söndürdü. Sosial media platformalarında
həmrəyliyin misilsiz təzahürünü görmək mümkün idi. Xaricdə yaşayan azərbaycanlılar
matəm dolu mesajlarla qəzada həlak olanların xatirəsini anır, ailələrə təsəlli
verməyə çalışırdılar. Bu hadisə ilə bağlı ən təsirli nüans isə bir çox xarici
ölkələrdə yaşayan azərbaycanlıların bu ağrını yalnız öz ölkələrinin dərdi
deyil, yaşadıqları toplumun dərdi kimi qəbul etməsi oldu. Xarici dövlətlərin
rəhbərlərinə müraciət edən diaspor liderləri faciə ilə bağlı dəstək çağırışları
etdilər. Xüsusilə, Qazaxıstanda yaşayan soydaşlarımız yaralıların tibbi yardımı
və ailələrinin məlumatlandırılması üçün orada dayanmadan çalışdılar. Bu qəzada
dünyadakı azərbaycanlılar bir daha sübut etdilər ki, məsafələr ürəkləri ayıra
bilmir. Faciə Azərbaycan xalqının yalnız coğrafi sərhədlər daxilində deyil,
bütün dünyada necə böyük bir ailə kimi yaşadığını göstərdi. Harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı bu dərdi öz ağrısı, hər bir itkini öz
itkisi kimi qəbul etdi.
Bu birliyi, sevgini və həmrəyliyi görəndə anlayırsan ki, millətimizin gücü təkcə Vətən torpağında deyil, onun hər bir övladının ürəyindədir. Və bu ürək, dünyanın hansı nöqtəsində olursa olsun, həmişə Vətənin döyünən ürəyi ilə birgədir.
Məryəm Bağırova, ADU-nun 2-ci kurs tələbəsi