Babək kim olub? - Tural İrfan yazır

Babək kim olub? - Tural İrfan yazır
16 Sen 2024 14:09

 

Tariximiz milli baxışla yenidən işlənib yazılmalıdır. Yetmiş ildən artıq Sovet ideologiyasının təsiri ilə bizə tarix adı ilə sırınmış bir çox mənbələr gələcək nəsillər üçün yanıldıcı, ziddiyyətli və anti-milli maraqlara xidmət edir. Bir çox obrazlar Sovet vaxtı bizə tarixi şəxsiyyətlər kimi qəbul etdirilib. Hansı ki, o simalar Azərbaycanın milli tarixinə yox, kommunist ideoloji siyasi xəttinə, Rus imperializminə sərf və xidmət edib. Özümüzün həqiqi tariximiz təhrif olunub, əsl tarixi simalarımız isə xalq düşməni, istilaçı, istismarçı ləkəsi ilə unutdurulub. Atabəylər, Əfşarlar, Qacarlar mənfi obrazda təqdim edilib, ancaq Xürrəmilər, Səfəvilər isə qabardılıb. Babək Xürrəmi də Sovet vaxtı süni şişirdilmiş obrazdır. Əslində Babəkin türk tarixinə, ortaq türk milli irsinə, Azərbaycana bir aidiyyatı yoxdur. Babəkin dini və milliyyəti də mübahisəlidir. Batini-İsmaili Ğulat cərəyanının Xürrəmilər şöbəsinə mənsub olan bu sima əsasən Məzdəkin dinini dirçəldirdi və baş qaldırdığı ərazidəki millətlərdən də istifadə edirdi. Onun üsyanına milli mübarizə donu Sovet dövründə geydirilib. Əmin, Məmun Mötəsim kimi Abbasi xəlifələrinin dövründə xilafət demək olar ki, türklər tərəfindən idarə olunurdu. Ordunun aparıcı gücü demək olar ki, türklərdən ibarətdi. Babəklə savaşan qoşun başçılarının hamısı türk idi. Böyük Buğa, Kiçik Buğa, Afşin türk idi. Vaxtilə Sasani imperiyasının süqutundan sonra farslar şüubiyyə təşkilatını qurdular. Bu batini, gizli bir təşkilat idi. Özəyi ikinci xəlifə Ömər bin Xəttabın fars Firuz Əbu Lulu tərəfindən qətlə yetirilməsi dövründən başlayır. Sasani imperiyasının rüsvayçı şəkildə məğlub edilməsini zadəganlar, mülkədarlar, mənsəb sahibi farslar əsla əfv etmək istəmədilər. Üzdə müsəlman olsalar da içəridən qisas almağı hədəf seçdilər. Yenidən öz dövlətlərini qurmaq, İslam donu geydirilmiş ideologiyalarını yaşatmaq üçün şüubiyyə təsisatı çərçivəsində Büveyhilər dövlətini qurdular. İndiki İran ərazisində Həşşaşilər, Bəhreyndə Qərmətilər rejimini yaratdılar. Beləliklə İslam dinini ideoloji olaraq rəsmən parçaladılar, dövlət dini olaraq ikiyə bölünmüş formaya gətirdilər. Artıq fərqli şəriət, fərqli matəm və bayramlar təsis edildi. Xürrəmilik də bu batini ideologiyanın tərkibi, davamı idi. Babək xilafətə qarşı savaşırdı, həmin dövrdə xilafəti türklər idarə edirdi. Xəlifələr ordunun təsiri altında idilər. Hətta xəlifələrin vəfatından sonra hansı övladının varisi olacağını belə türklər təyin edirdi.

642 - ci ildə Sasani imperiyasının qoşunları İslam ordusu tərəfindən məğlub edildikdən sonra müsəlmanlar indiki İran, Güney Azərbaycan coğrafiyasına təmas etdilər. İslam dini yayılmağa başladı. Hətta həmin dövrlərdə xilafətin Azərbaycan valiləri fəaliyyət göstərirdi. Xəlifə Həzrət Əlinin Azərbaycan valisi Əşəs bin Qeysə Azərbaycan xalqı barədə məktubları, tövsiyyələri, əmrnamələri var. Əməvilər dövrünə qədər demək olar ki, Güney Azərbaycanın əksəriyyəti müsəlman olmuşdu. Şimali Azərbaycanda isə hökmdar Cavanşir xəlifə Müaviyyə ilə saziş bağlayıb vergi ödəməklə xalqın dininə toxunmamaq haqda ondan əhd almışdı. Cavanşirdən sonra isə xilafət orduları Şimali Azərbaycana ayaq açdı, artıq əhalinin müsəlman olması başlandı. Əməvilər dövrünə aid Şamaxı şəhərində məscid var. Bundan başqa həm Şimalda, həm Cənubda əhalinin Abbasilərə qədər müsəlman olmasını təsdiqləyən faktlar var. Babəkə qədər Azərbaycan əhalisi müsəlman olmuşdu, hətta fərqli siyasi, dini təriqətlərə də bölünmüşdü. Cənubda fəaliyyət göstərən fars şüubiyyəsi İslam daxilində təriqət istehsal etməyə başlamışdı. Babəkin özünün də adının Həsən, atasının adının Abdullah  qardaşının adının Muaviyyə olması onların da zahirən müsəlman olduğunu göstərir. Babək hərəkatı fars Sasani ideoloji siyasi cərəyanın təsis və təşkil etdiyi anti - türk, anti-islam üsyanı idi. Həmin dövrdə xəlifə ordudakı farsları uzaqlaşdırmış, onların yerinə türkləri başa keçirmişdi. Zatən Babəklə savaşan sərkərdələr də türklər idi.

Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində Babək haqqında yazırdı:

“Rusiyada rus vətənsevərliyinin Aleksandr Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi Cavaddan bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb ideallaşdırılır. Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki şəraitdə “kommunizm”ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər... "

Babək İslama qarşı heç də qədim türk dövlətçiliyini bərpa etmək üçün yaxud Tengriçilik ya Şamanizm inancını dirçəltmək üçün çalışmırdı. O qədim fars sisteminə xidmət edirdi. Babəkin həmin fars ideoloji-inancının müasir fərqli üsulda ortaya çıxmış davamçıları bu gün Azərbaycanda "Tarqoviy" küçəsində piket keçirib dinlərini yenidən dirçəltmək istəyirlər. Qiyamət yoxdu, ruhlar bədəndən bədənə keçir deyirlər. İmamların ruhu da guya sonuncu İmamları Əhməd əl Həsənin timsalında zühur edibmiş... İçkini, narkotiki halal sayırlar. Nikahdan kənar evlilik, əks cinslərin evlənməsi caizdir onlara görə. Bunlar kimdir? Həmin batini fars ideologiyasının İslam aləminə yayılmış töküntüləri. Tarixi, fəlsəfi əsaslarını Babək zamanından bu yana şüubiyyə farslarının uydurub hədis adı ilə İslam aləminə qəbul etdirdiyi mənbə, məxəzlərdən alıblar. Müasir anti - islam, anti - türk prinsiplərini isə Qərbin dağıdıcı qüdrətlərindən əxz edib mayalanırlar. Tanış gəlirmi? Cavidanın ruhu da Babəkə keçmişdi. Xüsusi gecələr təşkil olunub arvad - kişi bir - birinə qarışırdı. Şərab, hər cür içki halal idi. Xürrəmilik məhz fars batini - gizli şüubiyyəsinin bir şöbəsi idi. Bu prinsiplərə görə əsas ideoloqlar üzə çıxmamalıdır. Savaşılacaq, mübarizə aparılacaq tərəfin öz millətindən, öz dinindən bir lider ortaya çıxarılmalıdır ki, Babəki Cavidandan sonra pərdə arxasından qabağa itələyənlər vardı.

Həmin dövrdə xilafət tərkibində olan Azərbaycanda heç də istila, istismar həyata keçirilməyib, əksinə xilafətin ən stabil vilayətlərindən olub. Elə olmasa idi Gəncədə dəfn olunmuş İmam övladı, Bibiheybətdə dəfn olunmuş İmam qızı və digərləri Azərbaycana təşrif gətirməzdilər. Babək zamanında yaşamış Əhli Beyt İmamları da onun üsyanını irtida (dindən dönmə) üsyanı hesab ediblər, heç bir münasibət saxlamayıblar. Baxmayaraq ki, bəzi vaxtlarda xilafətə qarşı üsyanlar Əhli Beyt adı ilə qaldırılırdı. Necə ki, Əbu Müslim Xorasani də Əməvilərə qarşı Əhli Beyt adı ilə üsyan aşmışdı. Babək isə türk xalqları üçün əsla xarakterik olmayan dini-siyasi ideoloji cərəyan üzərindən üsyan aparırdı. Xürrəmilik sırf fars şüubiyyə təfəkkürünə əsaslanan batini bir təriqətdir, təməlində qətiyyətli türk və islam düşmənçiliyi dayanır. Sovet dövrünə qədər Babək adlı adam olmayıb Azərbaycanda. Atabəylər, Nadir şah, Qacar, Cavad xan kimi simalar əvəzinə Sovet imperiyası Babəki və bir sıra qaçaq - qulduru bizim milli qəhrəmanlarımız kimi beyinlərə yeridib. Yəni sizin qəhrəmanlarınız budur, meşədə 5-10 nəfəri başına yığıb qaçaqlıq etməkdən o tərəfə keçməyiblər. Ancaq Azərbaycan xalqının əsl qəhrəmanları dışlanıb, ögeyləşdirilib. Az vaxt deyil, 70 il ərzində beyinlərdə kök salmış bu düşüncənin, hətta inancın yanlış olduğunu sübut etmək üçün əlavə bir 70 il də lazım olacaq.

Tural İrfan, MCP sədrinin müavini


Youtube kanalımız

Oxşar xəbərlər