"Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir"- Xalid Kərimli

"Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir"- Xalid Kərimli
13:52

"Azərbaycanla Gürcüstan arasındakı əlaqələr hər iki dövlətin maraqlarına xidmət edir və strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. "

İqtisadiyyatçı Xalid Kərimli bunu News365.az-a açıqlamasında deyib. 

"Ümumiyyətlə, Azərbaycanın logistika və nəqliyyat kanalları, həmçinin enerji ixrac marşrutları Gürcüstan ərazisindən keçir və bu vasitə ilə Türkiyə və Avropaya çatdırılır. Yaxın gələcəyin layihələrinə baxarkən görürük ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi mövcud layihələr, bu ölkələr üçün kifayət etməyə bilər. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialla işləməsi və Azərbaycanın təmiz enerji ixracının Qara Dəniz vasitəsilə Avropaya çatdırılması kimi strateji məsələlər gündəmdədir.

Azərbaycan və Gürcüstan arasındakı iqtisadi və ticarət əlaqələri yüksək səviyyədədir və bu əlaqələr hər iki ölkənin birbaşa maraqlarına xidmət edir. Gürcüstan, Azərbaycandan yalnız sabit və əlverişli qiymətə enerji təmin etmir, həm də Azərbaycanın ixrac marşrutlarının üzərində yerləşərək hər il yüz milyonlarla dollar transit gəlirləri əldə edir. Bu, Gürcüstanın dövlət büdcəsi və iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

X.Kərimli Gürcüstanın stabilliyi və inkişafının Azərbaycan üçün vacib olduğunu bildirir:

"İki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan addımlar həm enerji, həm də turizmin inkişafı sahələrində olacaq. Gürcüstanın stabilliyi və inkişafı Azərbaycan üçün çox vacibdir, çünki Ermənistana münasibətlər hələ də konstruktiv deyil və bu səbəbdən Zəngəzur dəhlizinin istifadəyə verilməsi mümkün olmamışdır. Gürcüstan, bu dövrdə Azərbaycan üçün strateji və əhəmiyyətli bir tərəfdaş olaraq qalır. Alternativlər olsa da, strateji əlaqələrin yüksək səviyyədə saxlanması ölkəmizin maraqlarına uyğundur.

Bundan əlavə, Azərbaycan öz maliyyə imkanlarını istifadə edərək Gürcüstanda əhəmiyyətli investisiyalar həyata keçirib. Azərbaycan dövləti, Gürcüstanın iqtisadiyyatına böyük həcmli investisiyalar qoymuşdur ki, bu da Gürcüstanın stabilliyi və inkişafı baxımından vacib rol oynayacaq. Hər iki ölkənin milli maraqlarına uyğun davamlı siyasət, onların iqtisadi, strateji və siyasi əlaqələrinin inkişafına xidmət edir."

News365.az