Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir.
Qeyd edək ki, dünya bazarında bitki yağının qiymətləri 2022-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib. Bitki yağının orta qiyməti 1,3% artaraq ton üçün 1505 dollar təşkil edib.
Hazırda Azərbaycanda bitki yağlarının qiymətində artım varmı?
Ötən illə müqayisədə Azərbaycanda əsasən günəbaxan yağında 1 litrinin orta qiyməti 4,53 manatdan 4,96 manata yüksəlib. Qarğıdalı yağında orta qiymət 6,02 manatdan 6,46 manata qalxıb. Zeytun yağı - 1 litrinin orta qiyməti 17,71 manatdan 18,12 manata yüksəlib.
Ölkə.az xəbər verir ki, itisadçı-ekspert Elçin Əsədullayev Bizim.Media-ya ümumiyyətlə bitki yağları dünyanın hər yerində bahalaşmaya ən tez məruz qalan məhsullardandır deyib.
"Müşahidələr göstərir ki, hətta digər ərzaq məhsullarının qiymətində cüzi artım olanda həm kərə, həm bitki yağlarında qiymətdə daha çox yüksəlmə olur. Bunun da əsas səbəbi odur ki, bu məhsullar üzrə yerli istehsal azdır, ölkədə istehsal kimi görünən məhsulun bir hissəsi əslində idxal edilmiş xammalın emalından, yaxud qablaşdırılmasından ibarətdir. Bitki yağına olan tələbat daha çox idxaldan asılıdır, ona görə də yağ idxal etdiyimiz ölkələrdə qiymət artımları belə vəziyyətə gətirib çıxarır".
Qeyd edək ki, Azərbaycana növündən asılı olaraq bir neçə tədarükçü ölkədən bitki yağı gətirilir.
Günəbaxan yağı üzrə idxal əsasən Rusiyadandır. Soya yağı üzrə isə əsas tədarükçü Argentinadır. 2025-ci ildə Azərbaycana idxal olunan 169 min ton soya yağının təxminən 128,5 min tonu Argentinadan gəlib.
Türkiyədən Azərbaycana günəbaxan, qarğıdalı və zeytun yağları idxal olunur. 2025-ci ildə bu məhsullar üzrə idxalın dəyəri təxminən 2,25 milyon ABŞ dolları olub. Türkiyənin payı daha çox qablaşdırılmış və markalı istehlak yağlarındadır.