Azərbaycanda “Süni İntellekt Müavini” dövrü başlayır?- AÇIQLAMA

Azərbaycanda “Süni İntellekt Müavini” dövrü başlayır?- AÇIQLAMA
21:04

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə tapşırıq verdi ki, hər bir dövlət qurumunda, nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə bir müavin təyin olunsun, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın.

“Beləliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları və rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet hesab edilməlidir”, – dövlət başçısı qeyd etdi.

Əslində, bu tapşırıq Azərbaycan tarixində bir ilkdir. İlk dəfə dövlət idarəetmə modelində rəqəmsallaşma və süni intellektin rolu praktik olaraq sınanacaq. Ölkə başçısının bu addımı mənə 2025-ci ildə Albaniyada baş vermiş bir hadisəni xatırlatdı: Baş nazir Edi Rama ölkəni “korrupsiyadan azad etmək” üçün süni intellektin köməyi ilə yaradılan hökumətə ilk “nazir” təyin etmişdi. Tirana dünyada bir ilk olaraq rəqəmsal köməkçi “Diella” – “Günəş” adını daşıyan “Rəqəmsal nazir”i tətbiq etdi.

Dünyada belə bir nümunə mövcud ikən sual yaranır: Prezident İlham Əliyevin verdiyi tapşırıqlardan sonra Azərbaycanda nazirliklərdə “süni intellekt” müavinləri təyin oluna bilərmi? Hətta gələcək perspektivdə “süni intellekt naziri” və ya müvafiq nazirlik strukturunun yaradılması mümkündürmü?

Hər nə qədər füturistik səslənsə də, hazırkı şəraitdə bu tip tədbirlər dərhal nazirlik səviyyəsində “süni intellekt müavini” və ya “süni intellekt naziri” kimi struktur dəyişikliklərinə gətirib çıxara bilməz. Bunun başlıca səbəbi Azərbaycan dövlət idarəetməsində rəqəmsallaşma və süni intellekt texnologiyalarının hələ geniş tətbiq olunmamasıdır. Bundan başqa lazımi infrastruktur və kadr potensialı da hazır deyil.

Lakin uzunmüddətli perspektivdə belə bir şey mümkündür. İlkin mərhələdə nazirliklərdə təyin olunacaq müavinlər və xüsusi ştatlı kadrlar vasitəsilə süni intellekt əsaslı analitik sistemlərin tətbiqi, iş proseslərinin optimallaşdırılması və qərarqəbuletmə mexanizmlərinin sınaqdan keçirilməsi nəzərdə tutulur. Əgər bu pilot layihələr effektiv nəticələr göstərərsə, gələcəkdə dövlət idarəetməsində süni intellektin rolu daha da genişlənəcək, hətta müstəqil nazir müavinləri və mümkün süni intellekt naziri strukturunun yaradılması gündəmə gələ bilər.

Yəni demək olar ki, bu gün nazirliklərdə süni intellekt müavinlərinin təyin olunması və ya “süni intellekt naziri” strukturunun yaradılması hələ erkəndir, lakin gələcəkdə bu proses texnologiyanın inkişafı, dövlət idarəetməsində tətbiqi və pilot layihələrin effektivliyindən asılı olaraq reallığa çevrilə bilər.

Politoloq Turan Rzayev


Sizin reklam burada
Sizin reklam burada