"Azərbaycanda Konstitusiyaya dəyişiklik ola bilər"- Turan Rzayev

"Azərbaycanda Konstitusiyaya dəyişiklik ola bilər"- Turan Rzayev
15:00
Bu gün Konstitusiya bir ölkənin sabitliyinin, davamlılığının və vətəndaşların hüquqlarının əsas təminat sənədi hesab olunur. Konstitusiyada vətəndaşlara verilən hüquqların və azadlıqların təsbit edilməsi həmin ölkənin demokratik inkişaf səviyyəsini müəyyən edən mühüm amildir.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan hüquq dövləti quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquq sahəsində mühüm islahatlar aparılıb. Konstitusiyanın müxtəlif müddəalarının dəyişdirilməsi və təkmilləşdirilməsi üzrə bir neçə referendum keçirilib. Xalq istədiyi dəyişikliklərə referendum vasitəsilə səs verərək iradəsini ifadə edib.”

Politoloq vurğulayıb ki, Konstitusiyanın mükəmməl olması kifayət etmir – əsas məsələ onun icrasıdır:

“Qanunlar nə qədər mükəmməl olsa da, icrası təmin edilmirsə, konstitusion prinsiplər kağız üzərində qalır. Buna görə də Konstitusiyanın effektiv tətbiqi daha önəmlidir.”

Turan Rzayev əlavə edib ki, dəyişən geosiyasi reallıqlar və xüsusilə Qarabağ zəfərindən sonra Konstitusiyaya yeni dəyişikliklərin edilə biləcəyi istisna deyil:

“Şərtlər dəyişdikcə qanunlar da dəyişməlidir. Bu baxımdan gələcəkdə Konstitusiya ilə bağlı yeni referendumun keçirilməsi mümkündür. Bu, rəsmi məlumat deyil, amma ehtimal var.”

Politoloqun sözlərinə görə, Azərbaycan Konstitusiyası zamanın tələblərinə uyğun şəkildə inkişaf etməli və dövlət idarəetməsi prosesində yaranan yeni reallıqları əks etdirməlidir.

Sizin reklam burada
Sizin reklam burada